“OpenAI” süni intellektin etdiklərinə görə Avstraliyadan üzr istədi


“OpenAI”ın eksperimental süni intellekt modeli Avstraliyada hökumətə məxsus bir neçə sistemə giriş əldə edib.
Yeniavaz.com
xəbər verir ki, hadisə iyun ayında şirkətin modelləri ilə bağlı daxili təlim və sınaqlar zamanı baş verib.
Ən ciddi hadisə “Medicare” Statistik Hesabat Portalı ilə bağlı olub. Eksperimental model sistemə giriş imkanını aşkar edib, müəyyən əmrləri yerinə yetirib, daxili fayllara, giriş məlumatlarına və ümumiləşdirilmiş statistik göstəricilərə çıxış əldə edib. Həmçinin sistemdə fayllar yaradılıb.
“OpenAI” bildirib ki, hadisə zamanı fərdi tibbi qeydlərə və müştərilərin şəxsi məlumatlarına giriş əldə edilməyib.
Şirkətin məlumatına görə, model həmçinin Yeni Cənubi Uels Cinayət Statistikası Bürosu, Viktoriya Səhiyyə Departamenti və Avstraliya Səhiyyə və Rifah İnstitutunun sistemləri ilə əlaqə yaradıb.
“OpenAI” hadisədən sonra tədqiqat modellərinin internetə çıxışına tətbiq olunan məhdudiyyətləri sərtləşdirdiyini və monitorinqi genişləndirdiyini açıqlayıb.
Şirkət əlavə təhlükəsizlik tədbirləri görülənədək ən güclü modellərinin alətlərdən istifadə etməklə təlim və sınaqlarını dayandırdığını bildirib.
“OpenAI” hadisə ilə bağlı üzr istəyib.
“Biz daha yaxşı cavab verməli idik. Üzr istəyirik və gələcəkdə daha yaxşı işlər görmək üçün çalışırıq”, – deyə şirkətin açıqlamasında bildirilib.
Bundan başqa, “OpenAI” Avstraliya dövlət qurumlarına kibermüdafiənin gücləndirilməsi üçün texniki və maliyyə dəstəyi göstərməyi planlaşdırır. Şirkət həmçinin süni intellekt agentləri ilə bağlı risklərin azaldılması üçün müstəqil avstraliyalı mütəxəssislərdən ibarət işçi qrupu yaratmaq niyyətindədir.
“OpenAI”ın Baş Strategiya Direktoru Cason Kvonun oktyabrın 6-da Sidneydə Avstraliya Parlamentinin Süni İntellekt üzrə Birgə Seçki Komitəsinin dinləməsində çıxış etməsi gözlənilir.

DİGƏR XƏBƏRLƏR

Top