
Sentyabrın 25-nə keçən gecə Ukrayna dronlarının Rusiyanın Perm, Ulyanovsk, Rostov və Voronej vilayətlərindəki sənaye obyektlərinə hücum etdiyi bildirilir.
Yeniavaz.com xarici KİV-lərə istinadən xəbər verir ki, hücumların hədəfində neft emalı zavodları, müdafiə sənayesi müəssisəsi və digər sənaye obyektləri olub.
Ukrayna dronlarının Rusiyanın ən böyük 10 neft emalı zavodundan biri hesab olunan “LUKOIL-Permnefteorgsintez” zavoduna zərbə endirdiyi bildirilir. Ukrayna monitorinq kanalları zavodda baş verən yanğının görüntülərini yayıb. “Astra” nəşri hücumun illik 13 milyon tondan çox neft emal edən zavodu hədəf aldığını təsdiqləyib.
Məlumata görə, zavodun daha əvvəl də zərər görmüş AVT-5 qurğusunda yanğın baş verib.
Perm vilayətinin qubernatoru Dmitri Maxonin bölgəyə kütləvi dron hücumu olduğunu və sənaye obyektinə zərbə endirildiyini açıqlayıb. O, hadisə ilə bağlı əlavə təfərrüat verməyib.
Ulyanovsk şəhərində “Almaz-Antey” konserninə daxil olan “İskra Zavodu” ASC-yə də hücum edildiyi bildirilir. Müəssisə yarımkeçirici cihazlar, mikrodalğalı komponentlər və müdafiə sənayesi üçün mikroelektronika istehsalı ilə əlaqələndirilir.
Yayılan görüntülərdə pilotsuz uçuş aparatının zavoda düşdüyü və partlayışın baş verdiyi görünür.
Ulyanovsk vilayətinin qubernatoru Aleksey Russkix hücum nəticəsində 8 nəfərin, o cümlədən bir uşağın yaralandığını açıqlayıb. Onun sözlərinə görə, sənaye və mülki infrastruktura ziyan dəyib.
Rostov vilayətində yerləşən Novoşaxtinsk Neft Emalı Zavodunun da hücuma məruz qaldığı bildirilir.
Vilayətin qubernatoru Yuri Slyusar zavodun zərər gördüyünü və fəaliyyətini dayandırdığını açıqlayıb. Məlumata görə, bu hadisə müəssisənin əvvəlki dayanmadan sonra fəaliyyətini bərpa etməsindən təxminən bir ay keçdikdən sonra baş verib.
Novoşaxtinsk zavodu Rostov vilayətində yeganə neft emalı müəssisəsi kimi göstərilir və illik emal gücü 5,6 milyon tondur.
Voronej vilayətində də gecə saatlarında dron hücumları qeydə alınıb. Məlumatlara görə, Voronejdəki “Ozon” anbarında yanğın baş verib. Həmçinin termoplastik elastomerlər və sintetik kauçuklar istehsal edən “Voronejsintezkauçuk” müəssisəsinin zərər gördüyü bildirilir.
Vilayətin qubernatoru Aleksandr Qusev gecə ərzində 88 pilotsuz uçuş aparatının ələ keçirildiyini açıqlayıb. İlkin məlumatlara əsasən, Voronejdə 4 nəfər yaralanıb, yaşayış binalarına, avtomobillərə və sənaye obyektlərinə ziyan dəyib.
Tətbiqimizi yükləyə bilərsiniz