
ABŞ Prezidenti Donald Trampın keçmiş şəxsi vəkili Alina Habba Türkiyəli iş adamı Turhan Mildonla evlənməyə hazırlaşır.
Yeniavaz.com “Daily Mail”ə istinadən xəbər verir ki, 42 yaşlı Habbanın gələcək həyat yoldaşının 29 yaşı var.
Məlumata görə, Habba və Mildon bu şənbə günü toy edəcəklər. Onların münasibəti bu ilin əvvəlində başlayıb.
Cütlük ilk dəfə Vaşinqtonda Con Kennedi adına İfa Sənətləri Mərkəzində keçirilən tədbirdə tanış olub.
Habbanın nişan üzüyü də diqqət çəkib. Üzüyün üzərindəki brilyantın ən azı 23 karat olduğu bildirilir.

Habba həmçinin təxminən 30 min dollar dəyərində olduğu deyilən çəhrayı “Hermes Birkin” çantası ilə görüntülənib. Mənbələr bildirir ki, bu, Mildonun ona hədiyyə etdiyi çoxsaylı “Birkin” çantalarından yalnız biridir.
Turhan Mildon Türkiyənin “Miller Holding” şirkətinin prezidenti və baş direktorudur. Şirkət tikinti, mədənçilik, energetika və beynəlxalq ticarət sahələrində fəaliyyət göstərir.
Toyda Tramp administrasiyasının nümayəndələrinin və xarici dövlət rəsmilərinin də iştirak edəcəyi bildirilir. Buna görə tədbirdə təhlükəsizlik tədbirlərinin gücləndiriləcəyi qeyd olunur.
Bu, Alina Habbanın üçüncü evliliyi olacaq. Onun bundan əvvəl iki evliliyi olub və iki övladı var.

Mənbələrə görə, Habba və Mildon hazırda Floridada birlikdə yaşayır və öz evlərini almağa hazırlaşırlar.

Məlumat üçün bildirək ki, “Miller Holding”in əsası 1967-ci ildə babası Muhsin Turhan Mildon tərəfindən Çanaqqalanın Gelibolu rayonunda kiçik bir avtomobil satışı biznesi ilə qoyulub. Turhan Mildon gənc yaşda idarəçiliyi əlinə alaraq şirkəti qloballaşdırıb, holdinqin beynəlxalq qolu olan “Milvest” şirkətini quraraq onun İdarə heyətinin sədri olub. Holdinq Konqoda tikinti və mədənçilik layihələrindən əlavə, Venesuelada da böyük sement zavodları və sənaye obyektləri satın alaraq investisiya dairəsini genişləndirib. Hətta bir müddət Venesuelanın keçmiş daxili işlər naziri və hazırda bu ölkənin Çindəki səfiri olan general Remigio Ceballosun qızı ilə də münasibətdə olub.
Tətbiqimizi yükləyə bilərsiniz