
ABŞ-nin federal hakimi CNN, MS NOW və “Politico” jurnalistlərinin Ağ Evə girişinə qoyulan qadağanı ləğv edib.
Yeniavaz.com “Reuters”ə istinadla xəbər verir ki, ABŞ Rayon Məhkəməsinin hakimi Tim Kelli üç media qurumunun jurnalistlərinin mətbuat icazələrinin dərhal bərpa edilməsinə və qadağanın 14 gün müddətinə dayandırılmasına qərar verib.
Hakim qadağanın jurnalistlərin konstitusiya ilə qorunan hüquqlarını poza biləcəyini bildirib. O, Ağ Evin qadağanı milli təhlükəsizliklə əsaslandırmasına da şübhə ilə yanaşaraq, bu iddianı dəstəkləyən kifayət qədər faktın olmadığını qeyd edib.
Qərardan bir neçə saat sonra CNN, MS NOW və “Politico” jurnalistləri yenidən Ağ Evə buraxılmayıb. Media qurumları bununla bağlı təcili məhkəmə iclasının keçirilməsini tələb etsə də, Ağ Ev jurnalistlərin girişinin bərpası prosesinə başlandığını bildirib.
Günorta saatlarında isə jurnalistlərin Ağ Evə girişinə icazə verilib.
Qeyd edək ki, sentyabrın 19-da Tramp CNN, MS NOW və "Politico" üçün Ağ Evə girişin qadağan edildiyini elan edib. Media orqanlarına tətbiq olunan bu qadağa ABŞ prezidentinin media ilə münasibətlərində son dövrdə yaranan gərginliyin fonunda baş verib.
Tətbiqimizi yükləyə bilərsiniz