
Bəzən yollarda yaranan tıxaclar sadəcə bir neçə saatlıq gecikmə ilə məhdudlaşmır, minlərlə insanın günlərlə yolda qalmasına səbəb olur. Musiqi festivallarından təbii fəlakətlərə, bayram sıxlığından kütləvi tədbirlərə qədər müxtəlif səbəblər tarixdə misli görünməmiş nəqliyyat xaoslarına yol açıb.
Yeniavaz.com tarixdə baş vermiş ən uzunmüddətli və ağır tıxacları araşdırıb.
Planetin ən uzun və ağır yol tıxaclarını təqdim edirik:
İlk belə tıxac 1969-cu ildə Nyu-Yorkda baş verib. Təxminən 3 gün boyunca davam edən tıxac, 30 km məsafəni əhatə edib. Tıxaca səbəb isə məşhur "Woodstock" adlı musiqi festivalının keçirilməsi olub. Belə ki, 500 mindən çox insanın iştirak etdiyi festivala sürücülər maşınla yox, piyada gəlib. Bu isə yolların iflic vəziyyətə düşməsinə gətirib çıxarıb.
1980-ci ildə Fransada baş verən tıxaca səbəb, qış tətilindən qayıdan milyonlarla fransızın eyni vaxtda yola çıxması və qəfil başlayan əlverişsiz hava şəraiti (güclü duman və buzlanma) olub. Tıxacın uzunluğu 176 km olub.
Növbəti irimiqyaslı tıxac hadisəsi 1990-cı ildə Almaniyada qeydə alınıb. Pasxa bayramı ilə əlaqədar yaxınlarını ziyarət etmək istəyən almanlar yola çıxıb və nəticədə yollarda avtomobil sayı 18 milyona çatıb. Bildirilir ki, bu da gündəlik say üçün rekord rəqəm olub.
2001-ci ildə Dünya Ticarət Mərkəzinə edilən dəhşətli hücumlar Nyu-Yorkda ikinci irimiqyaslı tıxac hadisəsinə səbəb olub. Hücumlardan sonrakı günlərdə ictimai nəqliyyatın, körpülərin və tunellərin faktiki olaraq bağlanması nəticəsində, şəhər günlərlə tıxacdan əziyyət çəkib.
Sonrakı ağır tıxac 2005-ci ildə ABŞ-nin Texas ştatında qeydə alınıb. Uzunluğu 160 km olan tıxacın müddəti 48 saatdan çox davam edib. Belə ki, "Rita" qasırğasının yaxınlaşması səbəbindən şəhəri təcili tərk etməyə çalışan 2,5 milyondan çox sakin eyni vaxtda magistrala çıxıb və nəticədə nəqliyyat sistemi tamamilə iflic vəziyyətə düşüb.
Tarixin ən uzunmüddətli tıxacı 2010-cu ildə Çinin Pekin-Tibet Magistralında baş verib. Magistral yolda aparılan təmir işləri səbəbindən yolun ötürücülük qabiliyyəti kəskin azalıb və eyni vaxtda Pekinə kömür daşıyan minlərlə ağır yük maşını yola axışıb. 12 gün davam edən tıxacda sürücülər gündə cəmi 1 km hərəkət edə biliblər.
Amerikanın üçüncü ən böyük şəhəri olan Çikaqoda baş verən qar fırtınası da ağır tıxaca səbəb olub. 2011-ci ildə qeydə alınan hadisədə tıxac 12 saatdan çox davam edib.
Hava ilə əlaqədar yaranan növbəti belə hadisə 2012-ci ildə Moskvada qeydə alınıb. Qəfil başlayan və tarixin ən güclü qar fırtınalarından biri hesab olunan hava şəraiti Moskva ilə Sankt-Peterburqu birləşdirən yolu tamamilə bağlayıb. Nəticədə, 3 gün davam edən xaosda hökumət yolda qalan sürücülərə psixoloji yardım, isti yemək və çadırlar təşkil etməli olub.
Tarixdə sonuncu irimiqyaslı tıxac hadisəsi isə 2015-ci ildə Filippində baş tutub. Roma papasının gəlişi ilə əlaqədar 2 gün davam edən tıxacda, şəhərin bütün əsas yolları bağlanıb. Papanı görmək üçün şəhərə 6 milyon insan axışıb.
Bu hadisələr göstərir ki, təbii fəlakətlər, kütləvi tədbirlər və yol təmiri kimi müxtəlif səbəblər nəqliyyatın hərəkətinə ciddi təsir göstərə bilər. Bəzən isə yaşayış məskənlərinin yol infrastrukturunun düzgün qurulmaması daimi tıxaclara səbəb olur.
Zöhrə İsazadə
Tətbiqimizi yükləyə bilərsiniz