
Əgər yaradılarsa, Polşadakı daimi ABŞ hərbi bazası ABŞ Prezidenti Donald Trampın şərəfinə “Fort Tramp” adlandırıla bilər.
Yeniavaz.com xəbər verir ki, bu barədə Polşa Prezidenti Karol Navrotski “Bloomberg”ə verdiyi müsahibədə bildirib.
Polşa liderinin sözlərinə görə, o, hərbi obyektin tikintisinin Trampın prezidentlik müddətinin 2029-cu ildə bitməsinə qədər başa çatacağını gözləyir.
Polşa Prezidenti həmçinin, Amerika Prezidentinin bazanın açılış mərasimində şəxsən iştirak edə biləcəyinə ümid etdiyini bildirib.
O, ölkədə daimi Amerika hərbi bazasının yaradılmasının zaman məsələsi olduğuna inandığını bildirib.
Navrotski həmçinin ABŞ-nin Almaniyadakı hərbi mövcudluğu azaldılacağı təqdirdə Polşanın Almaniyadan bəzi Amerika qoşunlarını qəbul etməyə hazır olduğunu əlavə edib.
Digər tərəfdən, sentyabrın 9-da Polşa milli müdafiə nazirinin müavini Maqdalena Sobkovyak-Çerneçka Amerika nümayəndə heyətinin daimi hərbi bazanın yerləşdirilməsi məsələsini müzakirə etmək üçün ölkəyə səfər etdiyini bildirib. Onun sözlərinə görə, Vaşinqton bu məqsədlə yalnız Polşanın qərb bölgələrini nəzərdən keçirir.
ABŞ hərbi bazasının Polşaya ən azı 3,25 milyard dollara başa gələcəyi bildirilir.
Tətbiqimizi yükləyə bilərsiniz