Qurbanlıqların kəsimi ilə bağlı xoşagəlməz hallarda nə etməliyik?


Qurban bayramı günlərində əhalinin təhlükəsiz ət və ət məhsulları ilə təmin olunması, həmçinin qurbanlıq heyvanların satışı və kəsiminin müvafiq norma və qaydalara uyğun şəkildə təşkili məqsədilə Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və aidiyyəti dövlət qurumları tərəfindən bütün zəruri tədbirlər görülüb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə AQTA məlumat yayıb.
Bildirilib ki, Naxçıvan Muxtar Respublikası daxil olmaqla, ölkə üzrə ümumilikdə 134 ünvanda qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri təşkil olunub.
“Bu məntəqələrin 75-də satış-kəsim, 27-də yalnız satış, 32-də isə yalnız kəsim xidmətləri vətəndaşlara təqdim edilir. Bununla yanaşı, bir sıra regionlarda səyyar heyvan kəsimi çadırları quraşdırılıb. Həmçinin işğaldan azad edilmiş Ağdam, Cəbrayıl, Füzuli və Laçın rayonlarında da qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri təşkil edilib.
Eyni zamanda ölkə ərazisində fəaliyyət göstərən soyuducu infrastruktura malik ticarət şəbəkələri tərəfindən qurbanlıq heyvan ətinin satışı xidməti də həyata keçirilir.
Qurbanlıq heyvanlarda hər hansı xəstəliyə şübhə yarandığı halda baytar həkim tərəfindən daxili orqanlardan nümunələr götürülərək həm yerində fəaliyyət göstərən laboratoriyalarda, həm də Mərkəzi Baytarlıq Laboratoriyasında müayinələr aparılır. Qida Təhlükəsizliyi İnstitutunun stasionar və səyyar laboratoriyaları gücləndirilmiş iş rejimində çalışır.
Vətəndaşlardan bayram günlərində heyvan satışı və kəsimi ilə bağlı hər hansı xoşagəlməz hallarla qarşılaşdıqları təqdirdə aidiyyəti dövlət qurumlarına və ya Agentliyin “1003 - Çağrı Mərkəzi”nə məlumat vermələri xahiş olunur”, - məlumatda deyilir.

DİGƏR XƏBƏRLƏR

Top