
Venesuelanın müxalifət lideri və Nobel Sülh Mükafatı laureatı Mariya Korina Maçado yenidən Venesuela prezidentliyinə namizədliyini irəli sürmək niyyətində olduğunu açıqlayıb.
Yeniavaz.com xəbər verir ki, Maçado bu açıqlamanı Panamada mühacirətdə olan Venesuela müxalifət nümayəndələri ilə görüş zamanı verib.
Onun açıqlaması Vaşinqtonun Venesuelaya qarşı siyasətində kəskin dəyişiklik etməsindən bir neçə ay sonra baş tutub.
ABŞ qüvvələri tərəfindən keçmiş prezident Nikolas Maduronun ələ keçirilməsindən sonra Tramp administrasiyası Maçadoya dəstəyini faktiki olaraq dayandırdı və müvəqqəti Venesuela prezidenti Delsi Rodriges ilə əməkdaşlığa başlayıb.
Maçadonun sözlərinə görə, Venesuela müxalifəti xaricdə yaşayanlar da daxil olmaqla, bütün vətəndaşların iştirak edə biləcəyi azad və ədalətli prezident seçkiləri axtarmağa davam edir.
Lakin Venesuelada yeni seçkilərin vaxtı qeyri-müəyyən olaraq qalır. Ölkə konstitusiyası prezidentin daimi olaraq fəaliyyət qabiliyyətini itirməsindən sonra 30 gün ərzində seçkilərin keçirilməsini tələb edir, lakin ABŞ administrasiyası və Venesuelanın müvəqqəti hakimiyyəti bu məsələni getdikcə daha çox uzadır.
Maçado bildirib ki, həqiqətən rəqabətli seçkilərin təşkili yeddi-doqquz aylıq hazırlıq tələb edəcək. Lazımi şərtlər arasında o, neytral seçki orqanlarının təyin edilməsini, seçici siyahılarının yenilənməsini və müxalifət namizədlərinin hökumətin təzyiqi olmadan iştirak etməsinə icazə verilməsini qeyd edib.
Siyasətçi həmçinin gələcək seçkilərdə şəxsən iştirak etməyə hazır olduğunu təsdiqləyib:
“Mən namizəd olacağam, amma başqa namizədlər də ola bilər. Mən seçkilərdə iştirak etmək istəyən hər kəslə birlikdə iştirak etmək istərdim”.
Tətbiqimizi yükləyə bilərsiniz