Uşaqlarda yalan anlayışı yaşla dəyişir


Uşaqlar böyüdükcə yalanı yalnız söz kimi deyil, onun məqsəd və nəticəsinə görə də dəyərləndirirlər.

Yeniavaz.com xəbər verir ki, Kanadanın MakGill Universitetinin alimləri uşaqların yalan və həqiqətə baxışının yaşla necə dəyişdiyini araşdırıblar.
Tədqiqatda 6–12 yaş arası təxminən 100 uşaq iştirak edib və onların dürüstlük və yalanla bağlı qərarvermə bacarıqları analiz olunub.
Uşaqlara kukla personajlarının yer aldığı qısa videolar göstərilib. Ssenarilərdə həm doğru danışmağın, həm də yalanın fərqli nəticələri təqdim olunub. Bəzi hallarda yalan başqasına zərər verir, bəzi hallarda isə əksinə, kimisə qorumaq üçün istifadə olunur.
Tədqiqat zamanı uşaqlardan kuklaların dürüst, yoxsa yalançı olduğunu müəyyən etmələri və onların davranışlarını qiymətləndirmələri istənilib.
Araşdırma göstərib ki, bütün yaş qruplarındakı uşaqlar həqiqəti yalandan asanlıqla ayıra biliblər.
Lakin qiymətləndirmə zamanı yaş fərqi açıq şəkildə hiss olunub.
Kiçik yaşlı uşaqlar yalanı daha sərt şəkildə mənfi qiymətləndirib və “hər yalan pisdir” yanaşmasına üstünlük veriblər. Daha böyük yaşlı uşaqlar isə artıq niyyət və nəticəni də nəzərə almağa başlayıblar.
Mütəxəssislər bildirirlər ki, uşaqlar yaş artdıqca yalnız sözün doğru olub-olmamasına deyil, həmin sözün kimə və hansı məqsədlə söyləndiyinə də diqqət yetirirlər.
Tədqiqatçılar valideyn və müəllimlərə 6 yaşdan etibarən uşaqlarla dürüstlük və yalanın fərqli situasiyalarda yaratdığı nəticələr barədə daha açıq və izahlı söhbətlər aparmağı tövsiyə edirlər.

DİGƏR XƏBƏRLƏR

Top