
Mayın 18-i axşam ABŞ Prezidenti Donald Tramp milli təhlükəsizlik komandasının iclasını keçirib və orada ona Pentaqon tərəfindən İrana qarşı hərbi əməliyyat variantları təqdim edilib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Axios” portalı mənbələrə istinadla məlumat yayıb.
Mənbələrin sözlərinə görə, görüş əvvəlcə mayın 19-a planlaşdırılırdı və bəzi administrasiya rəsmiləri Trampın İrana qarşı zərbələr barədə qərar verəcəyini gözləyirdilər. Lakin görüş Amerika liderinin İrana hücumu təxirə saldığını elan etməsindən bir neçə saat sonra keçirilib.
Görüşdə vitse-prezident C.D. Vens, dövlət katibi Marko Rubio, prezidentin xüsusi nümayəndəsi Stiv Uitkoff, Pentaqon rəhbəri Pit Heqset, ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Den Keyn və Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Con Retkliff iştirak edib.
Görüşdə həmçinin, İrana qarşı müharibədə gələcək addımlar, diplomatik səylərin vəziyyəti də diqqət mərkəzində olub.
“Axios” portalı görüşü Amerika Prezidentinin münaqişəni yenidən başlatmağı ciddi şəkildə düşündüyünün sübutu kimi qiymətləndirir.
Qeyd edək ki, bazar ertəsi günü Tramp Tehranla razılığa gəlmək ehtimalını əsas gətirərək Qətər, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanının xahişi ilə İrana qarşı hərbi əməliyyatların bərpasını təxirə salmaq qərarına gəldiyini açıqlayıb.
Tətbiqimizi yükləyə bilərsiniz