
“Real Madrid” Joze Mourinyonun baş məşqçi vəzifəsinə təyin olunmasını İspaniya La Liqasının 38-ci turunda Madrid klubunun “Atletik Bilbao” ilə oyunundan sonra elan etməyi planlaşdırır.
Yeniavaz.com xəbər verir ki, bu barədə ESPN telekanalı məlumat yayıb.
Məlumata görə, rəsmi elan bazar günü (24 may) və ya bazar ertəsi (25 may) üçün planlaşdırılır.
“Real Madrid”in prezidenti Florentino Peres Mourinyonun baş məşqçi olmasında o qədər qərarlıdır ki, mütəxəssisin rəsmi elanını prezident seçkilərindən sonraya qədər təxirə salmaq niyyətində deyil.
Qeyd edək ki, bundan əvvəl Madrid klubu Mourinyonun müqaviləsinin vaxtından əvvəl ləğvi üçün onun hazırkı klubu “Benfika”ya 6 milyon avro təzminat ödəyəcəyi və məşqçinin “Kral Klubu”nun transferlərində söz sahibi olacağı bildirilirdi.
Xatırladaq ki, Mourinyo daha əvvəl 2010-cu ildən 2013-cü ilə qədər “Real Madrid”ə rəhbərlik edib. Onun rəhbərliyi altında komanda İspaniya çempionatını, İspaniya Kubokunu və İspaniya Super Kubokunu qazanıb.
Tətbiqimizi yükləyə bilərsiniz