
Mingəçevir Dövlət Universiteti beynəlxalq akademik mobillik sahəsində mühüm uğura imza atıb. Universitet Orhun Mübadilə Proqramı çərçivəsində ən yüksək qəbul göstəricisinə nail olaraq fəaliyyət göstərdiyi dövr ərzində rekord nəticə əldə edib.
Bu münasibətlə MDU-nun rektoru Anar Eminov proqram çərçivəsində Türkiyə, Özbəkistan, Qazaxıstan və Qırğızıstan universitetlərinə qəbul olunan tələbə və müəllimlərlə görüş keçirib. Görüşdə proqram üzrə uğur qazanan 56 tələbə və 12 müəllim iştirak edib.
Bildirilib ki, qəbul olunan tələbələrin böyük əksəriyyəti mühəndislik və iqtisadiyyat ixtisasları üzrə təhsil alacaq. Əldə olunan yüksək nəticə universitetin beynəlxalq mobillik imkanlarının genişləndiyini və tələbələrin qlobal təhsil mühitinə artan marağını əks etdirir.
Rektor Anar Eminov çıxışında proqram iştirakçılarını təbrik edərək onların gələcək fəaliyyətlərində uğurlar arzulayıb. O qeyd edib ki, beynəlxalq mübadilə proqramları tələbələrin peşəkar inkişafına, yeni bilik və bacarıqlar əldə etməsinə, eləcə də universitetin beynəlxalq əməkdaşlıq əlaqələrinin möhkəmlənməsinə mühüm töhfə verir.
Görüş zamanı tələbələrə xarici universitetlərdə təhsil aldıqları müddətdə Mingəçevir Dövlət Universitetini layiqincə təmsil etmək, akademik fəaliyyətlərdə fəal iştirak etmək və qazandıqları bilikləri gələcəkdə ölkənin inkişafına yönəltmək tövsiyə olunub. Eyni zamanda, rektor bu uğur münasibətilə valideynlərə universitet rəhbərliyinin təbriklərinin çatdırılmasını xahiş edib.
Qeyd edək ki, əldə olunan nəticə Mingəçevir Dövlət Universitetinin beynəlxalq mübadilə proqramları üzrə tarixində ən yüksək qəbul göstəricisi kimi qiymətləndirilir.










Tətbiqimizi yükləyə bilərsiniz