Ailələr niyə az uşaq sahibi olmağa üstünlük verir?


Aparılan araşdırma ailənin maddi vəziyyətinin uşaqların gələcəkdə neçə övlad sahibi olmasına təsir etdiyini göstərib.

Yeniavaz.com xəbər verir ki, bu barədə “Proceedings of the Royal Society B” jurnalında dərc olunan araşdırmada qeyd olunub.
Alimlər 437 qadının, onların 2888 uşağının və 6470 nəvəsinin həyatını araşdıraraq maraqlı nəticələr əldə ediblər.
Məlum olub ki, kasıb və çoxuşaqlı ailələrdə böyüyən uşaqlar gələcəkdə daha az uşaq sahibi olublar. Tədqiqatçılar bunu maddi çətinliklərlə əlaqələndirirlər. Çünki ailədə resursların az olması uşaqların həm sağlamlığına, həm də gələcək həyat imkanlarına mənfi təsir göstərirdi.
Əksinə, imkanlı və çoxuşaqlı ailələrdə böyüyən uşaqların özləri də gələcəkdə böyük ailə qurmağa daha meyilli olublar. Araşdırmada qeyd olunur ki, müasir dövrdə bir çox qadın təhsil almaq, karyera qurmaq və uşaqlarına daha yaxşı həyat təmin etmək üçün az uşaq sahibi olmağa üstünlük verir.
Alimlər bildirirlər ki, burada “uşaq sayı” ilə “uşaqların daha yaxşı şəraitdə böyüməsi” arasında seçim yaranır. Yəni ailələr çox uşaq əvəzinə, daha az uşağa daha çox vaxt və maddi imkan ayırmağa çalışırlar.
Araşdırma müəlliflərindən biri bildirib ki, keçmiş dövrlərdə çox uşaq sahibi olmaq var-dövlət göstəricisi hesab olunurdu. Lakin bu gün hətta varlı ailələr də daha az uşağa daha çox resurs ayırmağa çalışırlar.
Tədqiqatçılar hesab edirlər ki, bu amillər müasir dövrdə doğum səviyyəsinin azalmasının səbəblərini izah etməyə kömək edə bilər.

DİGƏR XƏBƏRLƏR

Top