
Pakistanda İranla nəticəsiz danışıqlardan sonra ABŞ Prezidenti Donald Tramp və onun müşavirləri İrana qarşı məhdud miqyasda hücumları bərpa etmək imkanını araşdırırlar.
Yeniavaz.com xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) qəzeti mənbələrə istinadla məlumat yayıb.
Qəzetin məlumatına görə, Vaşinqton buy olla Tehranı güzəştə getməyə məcbur etməyi planlaşdırır.
Mənbələrin sözlərinə görə, İranın tammiqyaslı bombardmanının yenidən başlaması istisna edilmir.
Lakin ABŞ-nin bundan sonrakı hərəkətləri üçün bu variant daha az ehtimal olunur. Çünki bu, regiondakı sabitliyi pozmaq və Vaşinqtonu uzunmüddətli silahlı münaqişəyə cəlb etmək riskini daşıyır.
Ağ Ev rəhbəri müvəqqəti blokadaya əl ata bilər, eyni zamanda müttəfiqlərinə Hörmüz boğazından keçən gəmilərin hərbi müşayiət missiyasını həyata keçirmək üçün təzyiq göstərə bilər.
Mənbələr qeyd edirlər ki, Trampın gələcəkdə edəcəyi hər hansı bir seçim ciddi risklər daşıyır. Tammiqyaslı hərbi əməliyyatın bərpası Amerikanın vacib sursat ehtiyatlarının daha da tükənməsinə və seçicilərin daha böyük əks-sədasına səbəb olacaq. Eyni zamanda, hərbi əməliyyatların intensivliyinin azalması Tehranın qələbəsi kimi qəbul edilə bilər.
Qeyd edək ki, aprelin 11-də İran və ABŞ İslamabadda bir neçə danışıqlar raundu keçiriblər. İran nümayəndə heyətinə Parlament sədri Məhəmməd Bagir Qalibaf, Amerika nümayəndə heyətinə isə vitse-prezident C.D. Vens rəhbərlik edib. Daha sonra Tehran və Vaşinqtonda bildirildiyi kimi, tərəflər bir sıra fikir ayrılıqlarına görə münaqişənin uzunmüddətli həlli ilə bağlı razılığa gələ bilməyiblər. Mümkün yeni danışıqlar raundunun təfərrüatları hələ də məlum deyil.
Tətbiqimizi yükləyə bilərsiniz