MDU və Əl-Fərabi Universiteti arasında əməkdaşlıq genişlənir


Mingəçevir Dövlət Universitetinin rektoru Anar Eminov Qazaxıstan Respublikasının Almatı şəhərində keçirilən “Study in Azerbaijan” təhsil sərgisinin ikinci günündə Əl-Fərabi adına Qazax Milli Universitetinin İnformasiya Texnologiyaları və Süni İntellekt fakültəsini ziyarət edib.
Ziyarət zamanı rektor fakültənin müasir maddi-texniki bazası, tədris və tədqiqat infrastrukturu, innovativ laboratoriyaları, həmçinin süni intellekt və böyük verilənlər sahəsində həyata keçirilən layihələrlə yaxından tanış olub.
Qonağı fakültənin dekanı Timur İmankulov qarşılayaraq fakültənin fəaliyyəti, beynəlxalq əməkdaşlıqları və prioritet istiqamətləri barədə ətraflı məlumat verib.
Görüş zamanı, həmçinin, Əl-Fərabi adına Qazax Milli Universitetinin Süni intellekt və data analitikası departamentinin müdiri Mədinə Mənsurova fakültənin müvafiq istiqamətləri üzrə həyata keçirilən fəaliyyətlər barədə məlumat verib.
Görüş çərçivəsində mühəndislik sahəsində əməkdaşlıq imkanları, müəllim və tələbələrin “Orhun Mübadilə Proqramı”nda iştirakı, eləcə də birgə “EcoEnergy and Water Innovation Hub”ın yaradılması məsələləri müzakirə olunub.
Müzakirələr zamanı tərəflər arasında MDU-da Əl-Fərabi adına Qazax Milli Universitetinin dəstəyi ilə texnoparkın yaradılması, tələbə və müəllim mübadiləsi proqramlarının genişləndirilməsi, birgə elmi-tədqiqat layihələrinin icrası, innovasiya və startap ekosisteminin inkişafı istiqamətində ilkin razılıqlar əldə edilib.
Görüş qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi ilə davam edib və gələcək əməkdaşlıq üçün mühüm zəmin yaradıb.
Qeyd edək ki, Mingəçevir Dövlət Universiteti Almatı şəhərində keçirilən “Study in Azerbaijan” təhsil sərgisində fəal şəkildə təmsil olunur.



DİGƏR XƏBƏRLƏR

Top