
Fevral ayında silahlı münaqişə başlayandan bəri İranda 80-dən çox universitet, tədqiqat mərkəzi və kitabxana ABŞ və İsrail tərəfindən hücuma məruz qalıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə İranın Tacikistandakı səfiri Əlirza Hakikyan Düşənbədə keçirilən Xarici Universitetlərin Üçüncü Beynəlxalq Festivalı və Sərgisinin açılışında çıxış edərkən bildirib.
“Universitetlərə və tədqiqat mərkəzlərinə edilən hücumlar, hər şeydən çox, İranın düşmənlərinin anti-humanitar mahiyyətini ortaya qoyur. Döyüşlərin başlanğıcından bəri Amerika və sionist (İranda İsrail hökumət rəsmiləri belə adlandırılır) təcavüzkarları İranda 30-dan çox universitetə, bir neçə elmi və tədqiqat mərkəzinə və 55 kitabxanaya zərbələr endiriblər”, - deyə o bildirib.
Səfir əlavə edib ki, bu hücumlarda həlak olanlar arasında tələbələr də var. O bildirib ki, bu hücumlar təkcə iranlıları deyil, həm də hazırda İran universitetlərində təhsil alan minlərlə əcnəbini hədəf alıb.
Digər tərəfdən, aprelin 1-də İran Xarici İşlər Nazirliyinin xüsusi nümayəndəsi İsmayıl Bəqai bildirib ki, münaqişənin başlanğıcından bəri ABŞ və İsrail İranda 600-dən çox məktəb və təhsil müəssisəsini hədəfə alıb.
Tətbiqimizi yükləyə bilərsiniz