
Çinli alimlər litium batareyaları üçün enerji tutumunu əhəmiyyətli dərəcədə artıran yeni hidroflüorkarbon elektrolitini təqdim ediblər.
Yeniavaz.com “Nature” jurnalınaa istinadla xəbər verir ki, yeni batareyalar çətin şəraitdə işləyən elektrikli nəqliyyat vasitələri, dronlar, robotlar və digər avadanlıqlar üçün əhəmiyyətli irəliləyiş ola bilər.
Digər tərəfdən, Nankay Universiteti və Şanxay Kosmik Enerji Mənbələri İnstitutunun məlumatına görə, yeni elektrolitli batareyalar otaq temperaturunda eyni kütləli ənənəvi litium əsaslı məhlullara nisbətən iki-üç dəfə yüksək xüsusi enerji nümayiş etdirir.
Tədqiqatçılar bu batareyaların potensial olaraq elektrikli nəqliyyat vasitələrinin bir yükləmədə təxminən 500 km-dən 1000 km-ə qədər məsafə qət etməsinə imkan verəcəyinə inanırlar.
Həmçinin, yeni batareyaların əsas üstünlüyü onların çox aşağı temperaturlarda işləmək qabiliyyətidir.
Sınaqlarda bu elektrolitlə təchiz olunmuş litium-metal elementlər -70°C-də belə sabitliyini və səmərəliliyini saxlayıb. Otaq temperaturunda enerji sıxlığı 1540 Vt/saat/kq-ı keçib, -50°C-də isə təxminən 880 Vt/kq təşkil edib.
Müqayisə üçün deyək ki, ənənəvi litium batareyaları otaq temperaturunda təxminən 300 Vt/kq, -20°C-də isə təxminən 150 Vt/kq enerji verir. Buna görə də, yeni batareyalar soyuq iqlimlərdə və ya kosmik mühitlərdə istifadə üçün xüsusilə perspektivlidir.
Lakin müəlliflər qeyd edirlər ki, texnologiya hələ mükəmməl deyil: əsas məhdudiyyət hazırda yüksək temperaturda qeyri-kafi stabillikdir.
Növbəti addım elektrolitin qaynama temperaturunu artırmaq olacaq.
Tətbiqimizi yükləyə bilərsiniz