İran kütləvi iğtişaşların daha iki iştirakçısını edam etdi


İranda hökumət əleyhinə etirazların daha iki iştirakçısı edam edilib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə SNN telekanalı məlumat yayıb.
Telekanalın məlumatına görə, edam edilən şəxslərin qadağan olunmuş “Mücahidin-e Xalq” (“İran Xalq Mücahidləri Təşkilatı”) terrorçu qrupu ilə əlaqəli olduğu bildirilib.
Telekanalın bildirdiyinə görə, onlar dövlət qurumlarına qarşı qumbaraatanlardan istifadə edərək, terror hücumları törətməkdə və partlayıcı qurğular hazırlamaqda təqsirli biliniblər.
İstintaqın nəticələrinə görə, hər ikisi üsyankarlığa görə edam cəzasına məhkum edilib. İran Ali Məhkəməsi hökmü qüvvədə saxlayıb.
Telekanalın məlumatına görə, 31 mart səhəri məhkumlar asılıb.
Qeyd edək ki, martın 30-da “Tasnim” agentliyi İranda terror hücumları törətdiklərinə görə “Mücahidin-e Xalq” qrupunun iki üzvünün edam edildiyini bildirmişdi.
Qeyd edək ki, İranda iğtişaşlar 29 dekabr 2025-ci ildə rialın kəskin şəkildə ucuzlaşması ilə başlayan küçə etirazlarından sonra başlayıb və Tehran da daxil olmaqla əksər böyük şəhərlərə yayılıb. İranın xarici işlər naziri Abbas Əraqçinin sözlərinə görə, 8 yanvar 2026-cı ildə nümayişçilər arasında silahlı terrorçular peyda olub. Tehran iğtişaşların təşkilində İsrail və ABŞ-ni günahlandırıb. 23 yanvarda Əraqçi həm mülki şəxslər, həm də təhlükəsizlik qüvvələrinin əməkdaşları da daxil olmaqla, ölənlərin sayının 3117-yə çatdığını bildirib.

DİGƏR XƏBƏRLƏR

Top