
Çində fəaliyyət göstərən “Henan Kuangshan Crane” şirkətinin sahibi Tsuy Peytszyun işçilərinə qeyri-adi bir jest edib.
Yeniavaz.com “South China Morning Post” qəzetinə istinadla xəbər verir ki, o, Yeni il tədbirində masaların üzərinə 26 milyon dollar qoyub və işçilərə, “Götürə biləcəyiniz qədər götürün”, - deyib.
Tədbirdə 7000 işçi üçün təxminən 800 ziyafət masası təşkil edilib.
Nəşrin verdiyi məlumata görə, bəzi işçilər tədbiri minlərlə dollarla tərk ediblər. Hətta bir nəfər təxminən 13 000 dollar pul götütüb.
Tədbir zamanı şirkət sahibi əlavə hədiyyələr də təqdim edib.
Sosial media istifadəçiləri Peytszyuna “hər şeydən çox pul verməyi sevən müdir” ləqəbini veriblər. Sahibkar özü isə bildirib ki, ödənişlər işçilərini dəstəkləmək üçün bir yoldur və onların çoxu avtomobil kreditləri və ipoteka kreditlərini ödəyir.
Şərhçilər qeyd edirlər ki, bu siyasət işçilərin motivasiyasını artırır və ənənəvi reklamdan daha təsirlidir.
Tədbirdən görüntülər qısa bir vaxtda sosial mediada yayılıb və istifadəçilər arasında böyük marağa səbəb olub.
Qeyd edək ki, Peytszyunun işçilərinə qarşı səxavəti bununla bitmir. Belə ki, keçən ilin mart ayında şirkət Beynəlxalq Qadınlar Günü münasibəti ilə təxminən 2000 qadın işçiyə 230 000 dollara yaxın pul paylayıb.
Tətbiqimizi yükləyə bilərsiniz