
Portuqaliyalı hücumçu Kriştianu Ronaldo İspaniyanın “Almeriya” klubunun səhmlərinin 25%-ni alıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Associated Press” agentliyi məlumat yayıb.
“Meydandan kənarda futbola töhfə vermək arzusunda idim. ”Almeriya” möhkəm təməllərə və aydın inkişaf potensialına malik bir İspaniya klubudur. Klubun inkişafının növbəti mərhələsini dəstəkləmək üçün rəhbərliklə işləməyi səbirsizliklə gözləyirəm”, - deyə Ronaldo qeyd edib.
Qeyd edək ki, “Almeriya” milli çempionatın ikinci divizionunda çıxış edir. Komanda turnir cədvəlində 27 oyundan 48 xalla üçüncü yerdədir və yüksək diviziona yüksəlmək üçün pley-off zonasındadır.
Xatırladaq ki, 41 yaşlı Ronaldo beşqat Çempionlar Liqasının, Avropa çempionunun, ikiqat Millətlər Liqasının qalibi və milli komandanın, Avropa çempionatının, Çempionlar Liqasının və Klublararası Dünya Kubokunun ən çox qol vuran oyunçusudur. O, həmçinin beş dəfə “Qızıl top” mükafatını qazanıb. 2022-ci ilin dekabrında Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubuna keçib. Karyerası ərzində o, həmçinin Portuqaliyanın “Sportinq Lissabon”, İngiltərənin “Mançester Yunayted”, İtaliyanın “Yuventus” və İspaniyanın “Real Madrid” klublarında da oynayıb.
Tətbiqimizi yükləyə bilərsiniz