İnvestorlar ABŞ kapital bazarını tərk edirlər – Trampın tarif siyasəti xaos yaradır


Asiya və Avropa fond indekslərində rekord artım müşahidə olunduğu bir vaxtda ABŞ bazarlarında əks tendensiya qeydə alınır.
Yeniavaz.com
BMG agentliyinə istinadən xəbər verir ki, “Wall Street” dairələrində bu proses “investor miqrasiyası” və ya “kapital rotasiyası” kimi qiymətləndirilir.
Analitiklər bildirirlər ki, kapitalın ABŞ-dən digər bazarlara axını getdikcə sürətlənir. Mövcud vəziyyətin əsas səbəblərindən biri Donald Trump administrasiyasının sərtləşən ticarət siyasəti ilə bağlıdır. Xüsusilə, ABŞ Ali Məhkəməsi tərəfindən prezidentin tarif siyasətinə qoyulan məhdudiyyətlərdən sonra Ağ Evin yeni hüquqi mexanizmlər axtarması bazarda qeyri-müəyyənliyi artırıb.
Məhkəmə qərarından sonra administrasiya 1974-cü il Ticarət Qanununun alternativ maddələrinə istinad etməyə başlayıb. Bu isə uzunmüddətli hüquqi çəkişmələr ehtimalını gücləndirir. Ekspertlər qeyd edir ki, bu qərarlar gələcəkdə yenidən məhkəmə mübahisələrinə səbəb ola və hətta konstitusiyaya zidd elan edilə bilər.
Yeni siyasətə əsasən, bütün ölkələr üçün 15%-lik baza tarif nəzərdə tutulur. Hazırda 10%-lik tarif qüvvədədir və yaxın günlərdə maksimum həddə – 15%-ə çatdırılması planlaşdırılır. Lakin qanunvericiliyə görə bu cür tariflər yalnız 150 gün qüvvədə qala bilər və son qərar ABŞ Konqresi tərəfindən verilməlidir.
Bazar iştirakçıları üçün əsas risk yalnız tariflərin özü deyil, onların ətrafındakı hüquqi qeyri-müəyyənlikdir. Bu vəziyyət ABŞ bazarını daha az proqnozlaşdırılan edir. Analitiklərin fikrincə, artıq bazar siyasi qərarlardan birbaşa asılı hala gəlib və sosial mediada verilən bəyanatlar belə milyardlarla dollar dəyərində aktivlərin qiymətinə təsir göstərə bilir.
Eyni zamanda, investorlar beynəlxalq reaksiyalardan ehtiyat edir. Avropa Birliyi və Çin tərəfindən mümkün əks-tariflər ABŞ şirkətlərinin xarici bazarlardakı fəaliyyətinə ciddi risk yaradır.
Son məlumatlara görə, dollar indeksi son dörd ilin ən aşağı səviyyəsinə düşüb. Bu isə xarici investorlar üçün ABŞ aktivlərinin cəlbediciliyini azaldır. Nəticədə kapital daha sabit bazarlara və alternativ aktivlərə, xüsusilə qızıla yönəlir.
Maraqlıdır ki, bu proses ABŞ şirkətlərinin maliyyə göstəricilərinin güclü olduğu bir dövrdə baş verir. Şirkətlər yüksək gəlir əldə edir və süni intellekt texnologiyalarında lider mövqedədirlər. Lakin mövcud geosiyasi risklər, o cümlədən İran ilə mümkün hərbi gərginlik ehtimalları investorların qərarlarında həlledici rol oynayır.
Ekspertlər hesab edir ki, hazırkı şəraitdə investorlar üçün əsas prioritet gəlirlilik deyil, sabitlik və proqnozlaşdırıla bilən mühitdir.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top