Trampın iqamətgahına daxil olan şəxs güllələnərək öldürülüb


ABŞ Prezidenti Donald Trampın Florida ştatının Palm Biç şəhərində yerləşən Mar-a-Laqo iqamətgahının təhlükəsiz ərazisinə daxil olan bir kişi güllələnərək öldürülüb.
Yeniavaz.com
BBC-yə istinadən xəbər verir ki, hadisə yerli vaxtla təxminən saat 01:30 radələrində baş verib. Məlumata görə, şimal darvazasının yaxınlığında 20 yaşlarında bir kişinin üzərində ov tüfəngi və yanacaq balonu (qaz balonu) aşkar edilib.
Məxfi Xidmətin məlumatına əsasən, hadisə zamanı onların mühafizəsində olan heç bir şəxs ərazidə olmayıb. ABŞ Prezidenti Donald Tramp isə prezidentlik cədvəlinə görə həmin vaxt Ağ Evdə olub.
Palm Biç dairəsi şerifi Rik Bredşou bildirib ki, təhlükəsizlik qüvvələri Mar-a-Laqo ərazisinə daxil olan silahlı şəxsi müəyyən ediblər. Onun sözlərinə görə, kişi ağdərili olub və əlində tüfənglə yanaşı qaz balonu daşıyıb.
Agentlər şübhəli şəxsə silahı və əşyaları yerə atmaq əmri veriblər. O, qaz balonunu yerə qoysa da, tüfəngini atəş vəziyyətinə gətirib. Bundan sonra təhlükəsizlik əməkdaşları “təhdidi neytrallaşdırmaq” məqsədilə atəş açıblar.
Şerif əlavə edib ki, hadisədə həm Məxfi Xidmət, həm də Şerif Ofisinin əməkdaşları iştirak edib və onların hamısı bədən kameraları ilə təchiz olunub. Onun sözlərinə görə, şübhəli şəxs artıq “daxili perimetrin içində” olub və ona yalnız “əşyaları yerə at” əmri verilib.

DİGƏR XƏBƏRLƏR

Top