
Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda “Benfika”-“Real Madrid” (0-1) oyununda baş verənlərlə bağlı intizam araşdırması başladıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Madrid Universal” portalı məlumat yayıb.
Məlumata görə, araşdırma Vinisius Juniora qarşı irqçilik zəminində təhqir iddiaları ilə bağlıdır.
Portalın məlumatına görə, UEFA hadisə ilə bağlı bütün şəxsləri, o cümlədən matçdan sonra Lissabon klubunun yarımmüdafiəçisi Canluka Prestianninin irqçi ifadələr işlətdiyini açıq şəkildə bildirən Kilian Mbappeni dindirmək niyyətindədir.
Portalın yazdığına görə, sübut olmadığı təqdirdə heç bir sanksiya tətbiq edilməyəcək.
Qeyd edək ki, Lissabonda keçirilən “Benfika” - “Real Madrid” matçı madridlilərin 1-0 hesablı qələbəsi ilə başa çatıb. Oyunda Vinisiusun qolu həlledici olub. Mbappenin sözlərinə görə, Vinisius qol vurduqdan sonra künc bayrağının yanında rəqs edib və bu da tribunaların sərt reaksiyasına səbəb olub. Bundan sonra meydanda gərginlik başlayıb. Hücumçu iddia edir ki, “Benfika”nın 25 nömrəli futbolçusu Vinisiusa beş dəfə “meymun” deyib. Braziliyalı futbolçunun hakim Fransua Leteksyeyə müraciətindən sonra oyun təxminən doqquz dəqiqə dayandırılıb. Digər tərəfdən, Vinisius qol sevincindən sonra sarı vərəqə alıb.
Xatırladaq ki, cavab oyunu fevralın 25-də “Santyaqo Bernabeu”da keçiriləcək.


Tətbiqimizi yükləyə bilərsiniz