Everestə çıxmaq üçün qaydalar sərtləşdirildi


Nepal Milli Assambleyası (parlamentin yuxarı palatası) Everest dağına çıxmaq üçün qaydaların sərtləşdirilməsini nəzərdə tutan qanun layihəsini qəbul edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Katmandu Post” qəzeti məlumat yayıb.
Sənədə görə, alpinistlər dünyanın ən yüksək zirvəsinə çıxmazdan əvvəl əvvəlcə təxminən yeddi min metr hündürlükdə Himalay zirvələrindən birinə çıxmalıdırlar.
Yeni qanun, Everesti fəth etməyə çalışan təcrübəsiz alpinistlərin sayını azaltmağı nəzərdə tutur. Qanun həmçinin, marşrutlardakı qəzaların sayını və xilasetmə xidmətlərinin yükünü azaltmaq məqsədi daşıyır. Digər tərəfdən, Nepal qanunvericilərinə görə, yeni tələbin Nepalda turizmi inkişaf etdirəcəyi gözlənilir.
Tur operatorları artıq Himlunq və Baruntsze kimi zirvələrə ekspedisiyalar təklif etməyə başlayıblar.
Nepalda ümumilikdə 7000 metrdən 7999 metrə qədər hündürlükdə 86 zirvə var.
Nəşrin məlumatına görə, sənəd bu il qüvvəyə minməyəcək. Çünki onu parlamentin aşağı palatası olan Nümayəndələr Palatası təsdiqləməlidir. Bu isə Everestə çıxmağı planlaşdıran alpinistlərə yeni tələblər tətbiq olunmazdan əvvəl bu yaz dünyanın ən yüksək zirvəsinə çıxmağa imkanı verəcək.
Qeyd edək ki, Yer kürəsində dəniz səviyyəsindən 8000 metrdən yüksək olan ondan çox dağ var. Onların əksəriyyəti  Çin, Hindistan, Nepal və Pakistanda yerləşir və Himalay və ya Karakorum dağ silsilələrinin bir hissəsidir. Bu nəhənglərə Everest, K2, Kançencanqa və Makalu daxildir.

DİGƏR XƏBƏRLƏR

Top