Sinir sistemi pankreas xərçənginin erkən inkişafında mühüm rol oynayır


Alimlər müəyyən ediblər ki, sinir sistemi pankreas (mədəaltı vəzi) xərçənginin inkişafında düşündüyümüzdən daha erkən mərhələdə fəal iştirak edir.
Yeniavaz.com
“Cancer Discovery” jurnalında dərc olunan yeni araşdırmanın nəticələrinə istinadən xəbər verir ki, şiş hələ görünməzdən əvvəl sinirlər və toxuma hüceyrələri arasında qarşılıqlı əlaqə xərçəngin böyüməsini stimullaşdırır və bu, gələcək müalicə üsulları üçün yeni imkanlar aça bilər.
Pankreas xərçəngi ən təhlükəli onkoloji xəstəliklərdən biri hesab olunur. Onun erkən mərhələdə aşkarlanması çətin olur və ənənəvi müalicə üsullarına zəif cavab verir. Alimlər əvvəllər də sinirlərin xərçəngin yayılmasına təsir göstərə biləcəyini bilirdilər, lakin bu prosesin necə başladığı indiyədək tam aydın deyildi.
Tədqiqat qrupu Ceremi Nigri rəhbərliyi ilə “Cold Spring Harbor Laboratory” alimləri tərəfindən aparılıb. Onlar üçölçülü vizuallaşdırma texnologiyalarından istifadə edərək şişəqədərki mərhələdə toxumalarda mövcud olan mürəkkəb sinir şəbəkəsini müşahidə ediblər.
Ənənəvi ikiölçülü görüntülərdə bu sinirlər ayrı-ayrı nöqtələr kimi görünsə də, 3D analiz onların əslində sıx və şaxələnmiş şəbəkə təşkil etdiyini, xərçəngin inkişafını dəstəkləyən hüceyrələrlə sıx əlaqədə olduğunu üzə çıxarıb.
Araşdırmaya görə, xüsusi hüceyrələr – dəyişmiş fibroblastlar (myCAF-lar) kimyəvi siqnallar ifraz edərək vegetativ (simpatik) sinir sistemindən sinir liflərini özünə cəlb edir. Bu sinirlər isə öz növbəsində noradrenalin ifraz edərək həmin fibroblastların fəaliyyətini daha da gücləndirir. Nəticədə xərçəngin inkişafını sürətləndirən “qapalı dövrə” yaranır.
Siçanlar üzərində aparılan təcrübələrdə simpatik sinir sisteminin aktivliyi zəiflədildikdə fibroblastların aktivləşməsi və şişlərin böyümə sürəti təxminən 50% azalıb. Bu nəticələr göstərir ki, sinirlər və şiş hüceyrələri arasındakı əlaqənin kəsilməsi yeni müalicə strategiyası kimi perspektivlidir.
Alimlər hesab edir ki, artıq mövcud olan bəzi dərmanlar, məsələn, alfa-adrenoblokatorlar (o cümlədən doksazosin) kimyaterapiya və ya immunoterapiya ilə birlikdə istifadə olunduqda müalicənin effektivliyini artıra bilər. Lakin bu yanaşmanın klinik praktikada tətbiqi üçün əlavə tədqiqatlara ehtiyac var.

DİGƏR XƏBƏRLƏR

Top