
İranda məhkəmə tanınmış hüquq müdafiəçisi və Nobel Sülh Mükafatı laureatı Nərgiz Məhəmmədini 7,5 il müddətinə azadlıqdan məhrum edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə onun vəkili Mustafa Nili “X” sosial şəbəkə səhifəsində məlumat dərc edib.
Vəkilinin sözlərinə görə, Məhəmmədi “milli təhlükəsizliyə qarşı sui-qəsd” ittihamı ilə 6 il, “təbliğat fəaliyyəti”nə görə isə 1,5 il həbs cəzasına məhkum edilib.
Bundan əlavə, Nərgiz Məhəmmadi iki il müddətinə İranı tərk etməkdən məhrum edilib və iki il ərzində İranın Xusf şəhərində daxili sürgündə qalmalıdır.
Vəkilin sözlərinə görə, Nərgiz Məhəmmədi ona həbsxanadan zəng edərək hökmün artıq çıxarıldığını və səhhətinin pisləşməsi səbəbindən xəstəxanaya yerləşdirildiyini bildirib.
Vəkil Mustafa Nili Nərgiz Məhəmmədi sağlamlıq vəziyyəti ilə əlaqədar müvafiq müalicə üçün müvəqqəti olaraq girov müqabilində azadlığa buraxılmasının zəruri olduğunu əlavə edib.
Qeyd edək ki, 53 yaşlı Nərgiz Məhəmmədi İran təhlükəsizlik qüvvələri tərəfindən 11 dekabr 2025-ci ildə, ölkədə kütləvi etirazların başlamasından təxminən üç həftə əvvəl, Məşhəd şəhərində həbs edilib. Onlar 2023-cü ildə vəfat edən vəkil və insan haqları fəalı Xosrov Əlikordinin xatirəsini yad ediblər.
2026-cı ilin fevral ayının əvvəlində Nərgiz Məhəmmədi qanunsuz həbsinə və yüksək təhlükəsizlik təcridxanasındakı dözülməz şəraitə etiraz olaraq aclıq aksiyasına başlayıb.
Xatırladaq ki, siyasi və vətəndaş hüquqları fəalı və insan hüquqları müdafiəçisi Nərgiz Məhəmmədi 1998-ci ildən son həbsinə qədər 13 dəfə həbs olunub. İran hakimiyyəti Məhəmmədini beş dəfə mühakimə edib və ona ümumilikdə 154 şallaq zərbəsi və 31 il həbs cəzası verib. İnsan haqları müdafiəçisi bir neçə dəfə girov müqabilində azadlığa buraxılıb.
2023-cü ildə Nərgiz Məhəmmədi İranda qadınlara qarşı zülmə qarşı mübarizəsinə və insan hüquqlarının müdafiəsinə görə Nobel Sülh Mükafatına layiq görülüb.
Tətbiqimizi yükləyə bilərsiniz