İsrail İrana zərbə endirə bilər – ABŞ-yə xəbərdarlıq etdi


İsrail hakimiyyəti lazım gələrsə, Vaşinqtonun iştirakı olmadan İrana birtərəfli zərbə endirə bilər.
Yeniavaz.com
xəbər verir ki, bu barədə İsrailin “The Jerusalem Post” qəzeti mənbələrə istinadla məlumat yayıb.
Məlumata görə, İsrail artıq bu barədə ABŞ-yə xəbərdarlıq edib.
Nəşrin yazdığına görə, müvafiq məlumat ötən həftə İsrail Müdafiə Nazirliyinin nümayəndələri tərəfindən Pentaqon rəsmilərinə çatdırılıb.
Belə ki, İsrail Vaşinqtona İranın ballistik raket proqramı ilə bağlı qırmızı xətti keçəcəyi təqdirdə həyata keçirə biləcəyi zərbə planlarını təqdim edib.
“Biz amerikalılara dedik ki, İran ballistik raketlərlə bağlı qırmızı xəttimizi keçərsə, təkbaşına zərbə endirəcəyik”, - İsrailin hərbi və siyasi rəhbərliyindəki mənbə bildirib.
O qeyd edib ki, İsrail hələlik öz tərəfindən təcili zərbələr endirmək üçün şərait görmür, lakin vəziyyəti izləməkdə davam edir.
İsrail rəsmiləri həmçinin, Vaşinqtonla dialoqlarında İranla bağlı hərəkət azadlığını qoruduqlarını vurğulayıblar.
Qeyd edək ki, İran və ABŞ arasında İranın nüvə proqramı ətrafındakı böhranın həlli üçün danışıqların yeni mərhələsi fevralın 6-da Omanın paytaxtında baş tutub. İran nümayəndə heyətinə xarici işlər naziri Abbas Əraqçi, Amerika nümayəndə heyətinə isə prezidentin xüsusi nümayəndəsi Stiven Uitkoff rəhbərlik edib. Omanın xarici işlər naziri Bədr əl-Busaidinin sözlərinə görə, Tehran və Vaşinqton nümayəndə heyətləri Maskatda İranın nüvə proqramı ilə bağlı çox ciddi məsləhətləşmələr aparıblar və dialoqu davam etdirmək niyyətindədirlər.

DİGƏR XƏBƏRLƏR

Top