
Türkiyə, Misir və Qətər hakimiyyəti yaxın günlərdə Ankarada ABŞ Prezidentinin xüsusi nümayəndsi Stiven Uitkoff və İran nümayəndələri arasında görüş təşkil etmək üzərində işləyir.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Axios” portalı mənbələrə istinadla məlumat yayıb.
Görüşü təşkil edən ölkələrdən birinin mənbəsi bildirib ki, məsələ ilə bağlı irəliləyiş var. “Biz əlimizdən gələni edirik”, - mənbə əlavə edib.
Mənbənin məlumatına görə, görüşün bir həftə ərzində baş tutması gözlənilir.
Nəşr yazır ki, Türkiyə, Misir və Qətər ABŞ və İran arasında məsləhətləşmələrin regionda müharibənin qarşısını ala biləcəyinə ümid edirlər.
Digər tərəfdən, bir ABŞ rəsmisi portala ABŞ və İran nümayəndələri arasında bir həftə ərzində Türkiyədə görüşün mümkünlüyünü təsdiq edib.
Başqa bir ABŞ rəsmisi Tramp administrasiyasının müxtəlif kanallar vasitəsilə İrana razılaşma əldə etmək üçün görüş keçirməyə hazır olduğunu bildirdiyini əlavə edib.
Qeyd edək ki, yanvarın 26-da Tramp İrana doğru nəhəng bir armadanın hərəkət etdiyini elan edib. O, Tehranın danışıqlar masasına oturaraq, nüvə silahlarının tamamilə ləğvini nəzərdə tutan ədalətli və bərabər bir razılaşma əldə edəcəyinə ümid etdiyini bildirib.
Tətbiqimizi yükləyə bilərsiniz