
Türkiyədə restoran, kafe, şirniyyat mağazası və digər qida və içki xidməti göstərən müəssisələrdə müştərilərdən “xidmət haqqı” tələb olunması rəsmi olaraq qadağan edilib.
Yeniavaz.com xəbər verir ki, qərara əsasən, müəssisələr “servis haqqı”, “masa haqqı”, “örtük haqqı” və ya oxşar adlarla müştərilərdən əlavə ödəniş ala bilməyəcəklər.
Qeyd edək ki, Türkiyədə restoranlarda xidmət haqqının ləğvi Azərbaycanda bir çox restoran və kafelərdə tətbiq olunan xidmət haqqı məsələsini də gündəmə gətirib. Belə ki, bəzi müəssisələrdə müştərilərdən sifariş məbləğinə əlavə olaraq xidmət haqqı tutulur.
Əksər hallarda bu ödənişlə bağlı menyuda məlumat verilmir və müştərilər hesab təqdim edilərkən gözlədiklərindən daha artıq məbləğlə qarşılaşırlar. Bu cür hallar isə narazılığa səbəb olur.
Bəs Azərbaycanda restoranlarda xidmət haqqı tələb etmək qanunidirmi?
Məsələ ilə bağlı Yeniavaz.com-a açıqlama verən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, Türkiyədə qəbul edilən qərar istehlakçı hüquqlarının qorunması baxımından mühüm addımdır:
“Türkiyədə menyuda qeyd olunmayan əlavə ödənişlərin alınması qadağan edilib. Bu, istehlakçı hüquqlarının qorunması baxımından son dərəcə düzgün və müsbət qərardır. Qərara əsasən, istehlakçıya təqdim olunan bütün əlavə xidmətlər – istər otaqdan istifadə, istərsə də multimedia və digər avadanlıqlar yalnız bir şərtlə tətbiq edilə bilər: bu xidmətlər və onların dəyəri əvvəlcədən menyuda açıq və aydın şəkildə göstərilməlidir”.

Eyyub Hüseynov
O qeyd edib ki, Azərbaycanda bu problem sürətlə yayılmaqdadır:
“Azərbaycanda biznes mühitini dəstəkləmək məqsədilə yaradılan müəyyən toxunulmazlıq şəraitindən sui-istifadə olunur. İstehlakçı hüquqlarının pozulması artıq normaya çevrilib. Hər hansı qanunsuzluğun qarşısı alınmadıqda və cəzasız qaldıqda, zamanla bu, cəmiyyət üçün adi hala çevrilir”.
Eyyub Hüseynov yaxın müddətdə Azərbaycanda bu sahədə oxşar qərarın qəbul ediləcəyinə ümidli olmadığını da bildirib:
“İnanmıram ki, Azərbaycanda yaxın illərdə belə bir qərar qəbul edilər. Hazırda ölkədə istehlakçı hüquqlarının qorunması siyasəti çox zəif səviyyədədir. Bu vəziyyət isə Azərbaycanda turizmin inkişafına ciddi zərbə vurur”.
Fəridə Əsədzadə
Tətbiqimizi yükləyə bilərsiniz