
Rusiyanın neft nəhəngi “LUKOIL” xaricdəki aktivlərini satmaq məqsədilə ABŞ-nin aparıcı investisiya şirkətlərindən biri olan “Carlyle” ilə müqavilə bağladığını açıqlayıb.
Yeniavaz.com “Forbes”ə istinadən xəbər verir ki, yanvarın 29-da elan edilən razılaşmaya əsasən, “Carlyle” LUKOIL-in beynəlxalq aktivlərini idarə edən “LUKOIL International GmbH” şirkətinin 100%-ni əldə edə bilər.
“LUKOIL”un yaydığı məlumata görə, saziş qeyri-eksklüziv xarakter daşıyır və bir sıra şərtlərə, o cümlədən ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsinin (OFAC) icazəsinə tabedir. Şirkət eyni zamanda digər potensial alıcılarla danışıqları davam etdirdiyini bildirib. Qeyd olunub ki, Qazaxıstandakı aktivlər bu razılaşmaya daxil edilməyib.
Sazişin elanından bir gün əvvəl – yanvarın 28-də Qazaxıstan hakimiyyəti “LUKOIL”in ölkənin əsas enerji layihələrindəki paylarını almaq üçün ABŞ qurumlarına rəsmi müraciət etdiyini açıqlayıb. “LUKOIL” Qazaxıstandakı Qaraçaqanak və Tengiz neft yataqlarında, həmçinin ölkə neftinin təxminən 80%-nin Rusiya üzərindən ixracını həyata keçirən Xəzər Boru Kəməri Konsorsiumunda paylara sahibdir.
“Carlyle” öz açıqlamasında sövdələşmə strukturunun OFAC tələblərinə tam uyğun hazırlandığını vurğulayıb. Şirkət bildirib ki, aktivlərin alınması əməliyyatların davamlılığını təmin edəcək, biznesin təhlükəsiz və etibarlı fəaliyyətini qoruyacaq, eləcə də mövcud iş yerlərinin saxlanmasına şərait yaradacaq.
“Carlyle” dünyanın ən iri investisiya şirkətlərindən biri hesab olunur. Vaşinqtonda yerləşən şirkət 1987-ci ildə təsis edilib və enerji, müdafiə sənayesi, səhiyyə, avtomobil, daşınmaz əmlak və digər sahələrdə geniş investisiya portfelinə malikdir. Şirkət daha əvvəl iki dəfə Rusiya bazarına daxil olsa da, müxtəlif dövrlərdə fəaliyyətini dayandırıb.
“LUKOIL” xarici aktivlərini satmaq niyyətini ötən ilin oktyabrında, ABŞ-nin şirkətə qarşı bloklayıcı sanksiyalar tətbiq etməsindən beş gün sonra açıqlamışdı. “Reuters” agentliyinin qiymətləndirməsinə görə, “LUKOIL”in Avropa, Yaxın Şərq, Afrika, Mərkəzi Asiya, Meksika və ABŞ-da yerləşən törəmə şirkətlərinin ümumi dəyəri təxminən 22 milyard dollar təşkil edir.
OFAC “LUKOIL”ə xarici aktivlərin satışı ilə bağlı danışıqlar aparmaq üçün lisenziyanın müddətini dəfələrlə uzadıb. Hazırkı lisenziya fevralın 28-dək qüvvədədir. Bununla belə, sövdələşmə baş tutsa belə, sanksiyalar aradan qaldırılmayana qədər “LUKOIL” satışdan əldə olunan vəsaiti istifadə edə bilməyəcək. Vəsaitlər ABŞ-nin nəzarətində olan xüsusi hesabda dondurulacaq.
Ekspertlər “Carlyle” ilə bağlanan razılaşmanın təsdiqlənmə ehtimalını yüksək qiymətləndirirlər. Analitiklərin fikrincə, “Carlyle”nin ABŞ tənzimləyici qurumları ilə güclü əlaqələri və lobbi imkanları bu prosesdə həlledici rol oynaya bilər. Bununla yanaşı, bəzi analitiklər sövdələşmənin taleyi ilə bağlı ehtiyatlı mövqe tutur və əlavə detalların açıqlanmasını gözləməyi tövsiyə edirlər.
Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz