
“Türkiyə, tələb olunarsa, Qəzza zolağındakı beynəlxalq sabitləşdirmə qüvvələrinə qoşun göndərməyə hazırdır”.
Yeniavaz.com xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Qətərin “Əl-Cəzirə” televiziya kanalına verdiyi müsahibədə bildirib.
“Qəzza sülh planının müddəalarından biri orada beynəlxalq təhlükəsizlik qüvvələrinin yaradılmasını nəzərdə tutur. Bu vacibdir. Əgər bu həyata keçirilərsə, inanıram ki, bu, həm İsrailə, həm də fələstinlilərə heç bir hücumun və ya təhlükəsizlik müqavilələrinin pozulması riskinin olmamasını təmin etməyə kömək edəcək. Bu, Fələstin məsələsində yeni bir fəsil olacaq. Tələb olunarsa, bu qüvvəyə hərbi hissələr göndərməyə hazırıq. Lakin bu qüvvə məsələsi hərtərəfli danışıqların mövzusudur”, - nazir bildirib.
Fidan xatırladıb ki, İsrailin Baş naziri Benyamin Netanyahu Türkiyənin Sülh Şurasında iştirakına etiraz edib:
“Amma biz dəvət olunmuşduq və iştirak etmişik. O, mənim adımın Qəzza İcra Komitəsinə daxil edilməsinə qarşı idi. Buna baxmayaraq, biz oradayıq, çünki biz Misir, Qətər və ABŞ ilə birlikdə Qəzza vasitəçilik qrupunun əsas üzvləriyik. Hazırkı mövqeyimiz Qəzzada davam edən sülh prosesini, istər hərbi, istərsə də siyasi olsun, asanlaşdırmaq üçün mümkün olan hər şeyi etməkdir”.
Tətbiqimizi yükləyə bilərsiniz