Saakaşvili 2022-ci ildən bəri ilk dəfə hakim qarşısına çıxdı


Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili 2022-ci ilin aprel ayından bəri ilk dəfə məhkəmə iclasında iştirak edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə yerli televiziya kanalları məlumat yayıb.
Məlumata görə, cümə axşamı günü Tbilisi Şəhər Məhkəməsi 7 noyabr 2007-ci ildə müxalifətin mitinqinin dağıdılması ilə bağlı işə baxıb.
Məhkəmə iclasında çıxış edən Saakaşvili hökuməti tənqid edib, müxalifəti birliyə çağırıb və azadlığa çıxacağı təqdirdə “Gürcü Arzusu” Partiyasının hakimiyyətinə bir saata son qoyacağını bildirib.
İclasda həmçinin şahid ifadələri dinlənilib.
Qeyd edək ki, Saakaşvili 2013-cü ildə Gürcüstanı tərk edib və bundan sonra ölkədə ona qarşı dörd cinayət işi açılıb. O, qiyabi olaraq üç və ikisində altı il həbs cəzasına məhkum edilib. 2021-ci ilin oktyabrında Saakaşvili məxfi şəkildə Gürcüstana gəlib. Ancaq o, saxlanılaraq, sonradan sərhədi qanunsuz keçməkdə ittiham edilib.
2022-ci ilin may ayında səhhətinin pisləşməsi ilə əlaqədar, o, Tbilisidəki qeyri-dövlət “Vivamed” klinikasına köçürülüb və 2025-ci ilin noyabr ayına qədər orada qalıb. Klinikada olarkən Saakaşvili video bağlantı vasitəsilə məhkəmə iclaslarında iştirak edib.
12 mart 2025-ci ildə Saakaşvili büdcə vəsaitlərinin mənimsənilməsinə görə doqquz il, 17 mart 2025-ci ildə isə sərhədi qanunsuz keçməkdə ittiham olunaraq, dörd il altı ay müddətinə azadlıqdan məhrum edilib.
Saakaşvilinin ümumi cəzası 12 il altı aydır və 2034-cü ilin ortalarında bitir.
Həmçinin, 6 noyabr 2025-ci ildə Gürcüstan Baş Prokurorluğu Saakaşviliyə qarşı sabotaj və hökuməti devirməyə çağırışlar ittihamı ilə yeni bir iş açıldığını elan edib.

DİGƏR XƏBƏRLƏR

Top