
Aİ-yə üzv dövlətlər Qrenlandiya ilə bağlı ABŞ-yə qarşı rüsum tətbiq etməyi nəzərdən keçirir.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Financial Times” (FT) qəzeti Avropa rəsmilərinə istinadla məlumat yayıb.
Məlumata görə, söhbət 93 milyard avro dəyərində cavab tədbirlərindən gedir.
Nəşrin yazdığına görə, Aİ-nin bu ikinci cavab tədbiri Amerika şirkətlərinin vahid bazara çıxışını məhdudlaşdırmaqdır.
Tariflərin hazırlanmasında iştirak edən rəsmilər bildiriblər ki, cavab tədbirləri bu həftə Davosda keçiriləcək Dünya İqtisadi Forumunda ABŞ Prezidenti ilə əsas görüşlərdə Avropa liderlərinə təsir göstərmək imkanı vermək üçün nəzərdə tutulub.
FT qeyd edir ki, tarif cədvəli 2025-ci ildə tərtib edilib, lakin tammiqyaslı ticarət müharibəsinin qarşısını almaq üçün onların tətbiqi 6 fevrala qədər təxirə salınıb.
Qəzet həmçinin bildirir ki, bu addım onilliklər ərzində transatlantik münasibətlərdə ən ciddi böhran deməkdir.
Nəşrin digər bir mənbəyi ümid edir ki, Avropa Birliyinin cavab tədbirləri görmə ehtimalı Konqres üzvləri tərəfindən Tramp administrasiyasına təzyiqi artıracaq.
Qəzetin yazdığına görə, buna baxmayaraq, əksər Aİ ölkələri cavab tədbirləri tətbiq etməzdən əvvəl fikir ayrılıqlarını diplomatik yolla həll etmək istəyirlər.
Qeyd edək ki, Tramp bundan əvvəl “Truth Social” sosial şəbəkə səhifəsində ABŞ-nin Böyük Britaniya, Almaniya, Danimarka, Niderland, Norveç, Finlandiya, Fransa və İsveçə 10% idxal tarifləri tətbiq edəcəyini və bu tariflərin tərəflər Vaşinqton tərəfindən Qrenlandiyanın tam şəkildə alınması barədə razılığa gələnə qədər qüvvədə qalacağını bidirmişdi. Trampın sözlərinə görə, bu qərar 1 fevralda qüvvəyə minəcək. Prezident həmçinin, tarif dərəcəsinin 1 iyunda 25%-ə qədər artacağını da əlavə etmişdi.
Tətbiqimizi yükləyə bilərsiniz