Milli Qəhrəman Şahin Tağıyevin cənazəsi vətənə gətirildi


İsveç Krallığının Malmö şəhərində vəfat edən Azərbaycanın Milli Qəhrəmanı Şahin Tağıyevin cənazəsi vətənə gətirilib.
Yeniavaz.com
APA-ya istinadən xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat verib.
Bildirilib ki, cənazə komitə nümayəndələrinin də iştirakı ilə Heydər Əliyev adına Beynəlxalq Hava Limanında qarşılanıb.
Qeyd edilib ki, mərhumla vida və dəfn mərasimi 16 yanvar 2026-cı il tarixində saat 11:00-da Hərbi Memorial Məzarlıqda (II Fəxri Xiyaban) keçiriləcək, yas mərasimi isə 17 yanvar 2026-cı il tarixində saat 11:00-da Təzəpir məscidində olacaq.
Xatırladaq ki, 29 dekabr tarixində İsveç Krallığının Malmö şəhərində uzun sürən xəstəlikdən sonra vəfat edib.
Əslən Şuşadan olan Şahin Talıb oğlu Tağıyev 1949-cu il fevralın 3-də Tərtər şəhərində anadan olub. 1969-cu ildə Energetika Texnikumunu bitirib və təyinatla Rusiyanın Udmurt vilayətinə göndərilib. Gənc yaşlarından Rusiya və Azərbaycanda əvvəlcə energetika, ardınca ticarət sahələrində fəaliyyət göstərən Şahin Tağıyev 1988-ci ildə milli azadlıq hərəkatına qoşulub. 1991-ci ildə könüllü olaraq Qarabağ müharibəsinə qatılan qəhrəman leytenant rütbəsində bölük komandiri kimi döyüşlərə rəhbərlik edib. 1992-ci ildə həmin bölüyün bazasında yaradılan “Qurtuluş” batalyonunun komandiri təyin edilərək Ağdərə istiqamətində düşmən cəbhəsinin yarılmasında, eləcə də Tərtər, Seysulan, Yarımca və Levonarx istiqamətlərində aparılan döyüşlərdə xüsusi igidlik nümayiş etdirib. O, 2001-ci ildə Azərbaycanı tərk edərək Avropaya köçüb.

DİGƏR XƏBƏRLƏR

Top