
ABŞ 2025-ci ilin əvvəlindən 2,5 milyon xarici vətəndaşı deportasiya edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə ABŞ Daxili Təhlükəsizlik Nazirliyi “X” sosial şəbəkə səhifəsində məlumat yayıb.
Nazirliyin məlumatına görə, onlardan 1,9 milyonu “özünüdeportasiya proqramı” çərçivəsində ölkəni könüllü olaraq tərk edib. Qalan 600 min nəfər isə zorla deportasiya edilib.
“365 gündən az müddətdə 600 min qeyri-qanuni miqrant ölkəmizdən deportasiya edilib. Könüllü olaraq ölkəni tərk edən 1,9 milyon şəxslə birlikdə ABŞ-ni tərk edən qeyri-qanuni miqrantların ümumi sayı 2,5 milyonu ötüb”, - nazirlikdən bildirilib.
Daxili Təhlükəsizlik Nazirliyi əlavə edib ki, deportasiya ilə bağlı bu rəqəmlər yalnız başlanğıcdır.
Qeyd edək ki, Donald Tramp, vəzifəyə başlamazdan əvvəl, dəfələrlə təxminən 25 milyon insanın ABŞ-yə qanunsuz daxil olduğunu bildirib. O, həmçinin dəfələrlə daha sərt immiqrasiya siyasətinin tərəfdarı olduğunu qeyd edib. İnauqurasiyadan sonra Tramp ABŞ-Meksika sərhədində fövqəladə vəziyyət elan edən sərəncam imzalayıb.
Tətbiqimizi yükləyə bilərsiniz