
Məlum olduğu kimi, Bakı şəhəri, Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının ərazisində yanğınla müşayiət olunan partlayış baş verib.
Yeniavaz.com xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə kinostudiyanın ərazisində yanğınla müşayiət olunan partlayışın baş verməsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal əraziyə FHN qüvvələri cəlb olunub.
Kinostudiya ərazisində baş vermiş yanğın qısa müddətdə məhdudlaşdırılıb və söndürülüb.
Partlayış nəticəsində ümumi sahəsi 200 m² olan birmərtəbəli tikilinin konstruksiyaları dağılıb.
Taxta qutularda yığılan digər pirotexniki vasitələr, 3 ədəd propan qaz balonu və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Digər tərəfdən, əraziyə FHN qüvvələri ilə eyni vaxtda hüquq mühafizə orqanlarının əməkdaşları cəlb edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, kinostudiyanın pirotexniki vasitələr saxlanılan anbarında partlayışda yaralanan olmayıb.
DİN-in mətbuat xidmətindən bildirilib ki, təhlükəsizlik tədbirləri görülüb və ərazi tam nəzarətə götürülməklə xidmət təşkil olunub.
Əraziyə ilkin olaraq 5 təcili tibbi yardım briqadası cəlb edilib.
Digər tərəfdən, Mədəniyyət Nazirliyi partlayış hadisəsinin kinostudiyasının arxa tərəfində yerləşən, uzun müddətdir istifadə olunmayan anbarda baş verdiyini bildirib.
Hazırda hadisənin dəqiq səbəblərinin müəyyənləşdirilməsi məqsədilə araşdırmalar davam edir. Bu məqsədlə əraziyə texniki ekspertlər cəlb olunub.