
İyunun 23-də səhər saatlarında Rusiya qoşunları Ukraynanın paytaxtı Kiyevə raket zərbələri endirib.
Yeniavaz.com xəbər verir ki, Ukrayna paytaxtına raket zərbələri pilotsuz təyyarə zərbələrini müşayiət edib.
Kiyev meri Vitali Kliçkonun “Telegram” kanalında yerləşdirilmiş məlumatına görə, Rusiya hərbçilərinin kütləvi hücumu nəticəsində 6 nəfər ölüb, 25 nəfər yaralanıb.
Onun sözlərinə görə, Rusiyanın raket zərbəsi Kiyevdə, bu dəfə Şevçenko rayonunda yaşayış binasının girişini dağıdıb. Hazırda uçmuş evin ərazisində axtarış-xilasetmə əməliyyatı aparılır.
Ukraynanın daxili işlər naziri İqor Klimenko isə Kiyev və Kiyev vilayətində yaşayış məntəqələrinə, tibb müəssisələrinə və idman infrastrukturlarına pilotsuz təyyarələr və raketlərlə kütləvi hücum olduğunu bildirib.
Digər tərəfdən, Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Kiyevdə Rusiya 5 yaşayış binasına ziyan vurub. Onun sözlərinə görə, bu zərbə dörd rayonda obyektlərə zərər verib.
“Ümumilikdə, 352 pilotsuz uçuş aparatı (o cümlədən, 159 “Şahed” pilotsuz uçuş aparatı), 16 raket hücumu olub. İlkin məlumatlara görə, hücumda Şimali Koreyanın ballistik raketlərindən də istifadə edilib”, - Zelenski qeyd edib.