
“ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff və İranın xarici işlər naziri Abbas Əraqçi İsrailin İrana zərbələr endirməyə başlamasından sonra bir neçə dəfə telefonla danışıblar”.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Reuters” diplomatik mənbələrə istinadən məlumat yayıb.
Bildirilib ki, onlar böhrandan diplomatik çıxış yolu tapmağa çalışırdılar.
Agentliyin mənbələrinin məlumatına görə, Əraqçi Uitkoffa deyib ki, İsrail hücumları dayandırmasa, Tehran nüvə sazişi üzrə danışıqlara qayıtmayacaq.
Mənbələrdən biri bildirib ki, İranın xarici işlər naziri xüsusi nümayəndəyə Vaşinqtonun İsrailə təzyiq göstərəcəyi təqdirdə Tehranın nüvə məsələsində bəzi güzəştlərə gedə biləcəyini də deyib.
“Reuters” mənbələrinin məlumatına görə, Əraqçi və Uitkoffun danışıqlarında ABŞ-nin mayın sonunda İrana uranın zənginləşdirilməsi üçün İrandan kənarda regional konsorsium yaradılması təklifi ilə bağlı qısa müzakirə də daxil edilib. Agentlik qeyd edir ki, Tehran indiyədək bu təklifi rədd edib.