
İranın cənubunda yerləşən Bəndər-Abbas şəhərindəki Şəhid Rəcai limanında aprelin 26-da baş verən güclü partlayışla bağlı aparılan istintaq çərçivəsində iki nəfər saxlanılıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə məlumatı İranın dövlət xəbər agentliyi IRNA yayıb.
Agentliyin məlumatına görə, saxlanılanlar dövlət xidmətində çalışan bir müdir və özəl şirkətə məxsus bir menecerdir. Onların partlayışla bağlı məsuliyyət daşıdığı ehtimal olunur. Hazırda istintaq orqanları partlayışın dəqiq səbəbləri və bu şəxslərin hadisədəki rolu ilə bağlı araşdırmaları davam etdirir.
İstintaq çərçivəsində bir neçə şübhəli şəxs müəyyən edilib və ilkin olaraq iki şəxs barəsində həbs qərarı verilib.
Qeyd edək ki, aprelin 26-da İranın ən böyük limanlarından biri olan Şəhid Rəcai limanında güclü partlayış baş verib. Hadisə nəticəsində rəsmi məlumatlara görə onlarla insan həyatını itirib, 11 nəfər itkin düşüb, təxminən 1 200 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Bəzi media orqanları partlayışın bərk raket yanacağında istifadə edilən natrium perxlorat maddəsinin düzgün saxlanmaması səbəbindən baş verdiyini iddia etsə də, İran rəsmiləri bu məlumatları təkzib edir.
Hazırda hadisə ilə bağlı rəsmi araşdırma davam edir və əlavə saxlanılmaların ola biləcəyi istisna olunmur.