
“ABŞ Prezidenti Co Bayden yarışdan geri çəkilməlidir ki, demokratların qarşıdan gələn prezident seçkilərində qalib gəlmə şansı olsun”.
Yeniavaz.com xəbər verir ki, bu çağırışı amerikalı aktyor Corc Kluni edib.
O, uzun müddət ABŞ Demokrat Partiyasının tərəfdarı olduğunu və bu yaxınlarda ABŞ administrasiyasının hazırkı rəhbəri üçün vəsait toplama tədbirinə ev sahibliyi etdiyini qeyd edib.
“Mən Co Baydeni sevirəm - senator, vitse-prezident və prezident kimi mən ona, onun xarakterinə, əxlaqi prinsiplərinə inanıram. Son dörd ildə o, çoxlu qələbələr qazanıb, lakin zamana qarşı mübarizədə qalib gələ bilmir”, - Kluni bildirib.
Kluniyə görə, Baydenlə demokratlar nəinki prezidentlik yarışını uduzacaqlar, həm də ABŞ Konqresində azlıqda qalacaqlar.
“Bu, təkcə mənim fikrim deyil, təkbətək danışdığım hər bir senator, konqresmen və qubernatorun fikri ilə üst-üstə düşür. Hər biri açıq şəkildə deyilənlərdən asılı olmayaraq, buna inanır”, - deyə aktyor qeyd edib.
Kluni əlavə edib ki, demokratların namizədliyində dəyişiklik olarsa, seçkiyə qalan qısa müddət hətta faydalı ola bilər.
“Bu, bizə uzun və bahalı seçki kampaniyaları olmadan da qələbənin mümkünlüyünü göstərmək şansı verəcək” - deyə aktyor bildirib.