
Demokratlar Partiyasından ABŞ prezidentliyinə namizədlik uğrunda mübarizəyə qoşulan yazıçı Marianna Uilyamson seçki kampaniyasını dayandırdığını və prezidentlik yarışından çəkildiyini açıqlayıb.
Yeniavaz.com xəbər verir ki, o, bu barədə “YouTube” kanalında yaydığı video mesajında məlumat verib.
“Cəmiyyətdə öz sözünü deyə bilməyənlərin adından danışdıq. Hökumətin uğursuz siyasəti ucbatından həyatı məhv olanların adından danışdıq. Ekoloji böhranlar, irqi böhranlar, cinayət böhranları, iqtisadi böhranlar ucbatından çətinlik yaşayanların adından danışdıq. Çox qaranlıq dövrlərə bir az işıq salmaq üçün əlimizdən gələn hər şeyi etdik”, - deyə Uilyamson video mesajında bildirib.
Qeyd edək ki, Uilyamson 2023-cü ilin martında ən yüksək hökumət postu uğrunda mübarizədə iştirak etmək niyyətində olduğunu açıqlayıb. Yazıçı bundan əvvəl 2020-ci il seçkilərində də Demokratlar Partiyasından ABŞ prezidentliyinə namizəd kimi irəli sürülmək istəyib. Cənubi Karolina ştatında keçirilən son ilkin seçkilərdə o, təxminən 2% səs toplayıb.
Xatırladaq ki, ABŞ-də növbəti prezident seçkiləri noyabrın 5-də keçiriləcək.
Tətbiqimizi yükləyə bilərsiniz