
İsrail Qəzza zolağında inzibati nəzarət qurmaq niyyətində deyil və anklavda hərbi əməliyyatlar başa çatdıqdan sonra hakimiyyəti yerli administrasiyaya verməyi planlaşdırır.
Yeniavaz.com “The Jerusalem Post” qəzetinə istinadla xəbər verir ki, belə bir layihəni müdafiə naziri Yoav Qalantın rəhbərlik etdiyi ölkənin hərbi rəhbərliyi hazırlayıb.
Qalanta görə, layihə Qəzzada mövcud mülki inzibati strukturların hərbi əməliyyatlar başlamazdan əvvəl anklavı tamamilə nəzarətdə saxlayan Fələstin HƏMAS hərəkatının tərəfdarlarının təmsil olunmayacağı daha geniş yerli hökumətə inteqrasiyasını nəzərdə tutur.
“HƏMAS Qəzzanı idarə etməyəcək və İsrail Qəzzada mülki idarəetməni həyata keçirməyəcək”, - deyə Qalant layihəni müzakirə etmək üçün hərbi kabinet iclasından əvvəl bildirib.
Qəzetin yazdığına görə, sektorun müharibədən sonrakı strukturu üçün layihə qeyri-müəyyən müddətli keçid dövrünü nəzərdə tutur və bu müddət ərzində İsrail Müdafiə Qüvvələri təhlükəsizlik sahəsində nəzarəti, o cümlədən anklavın sərhədlərinə nəzarəti təmin edəcək. Layihədə xarici qüvvələrin - ABŞ, Aİ ölkələrinin, ərəb dövlətlərinin bir hissəsinin, o cümlədən Səudiyyə Ərəbistanı, Misir və BƏƏ-nin iştirakı gözlənilir.
Nəşr detalları təqdim etmədən qeyd edib ki, Fələstin Milli Administrasiyasının nümayəndələrinin də Qəzzada müharibədən sonrakı prosesdə iştirakı istisna deyil.
“The Jerusalem Post”un yazdığına görə, Qəzzada hakimiyyətin bilavasitə fələstinlilərə verilməsi yalnız yerli əhalinin dinc həyatı bərqərar olduqdan və onlar HƏMAS-ın və digər terrorçu qrupların qalıqlarının kiçik çağırışlarına müstəqil şəkildə müqavimət göstərməyə hazır olduqdan sonra başlayacaq.
Tətbiqimizi yükləyə bilərsiniz