
“İsrail hakimiyyəti yeni atəşkəsin bağlanmasına yönəlmiş bir neçə təklifi rədd edib”.
Yeniavaz.com xəbər verir ki, bunu Fələstinin HƏMAS hərəkatının Siyasi Bürosunun üzvü Xəlil əl-Həyya “Əl-Cəzirə” telekanalına müsahibəsində deyib.
“İşğalçı İsrail girovların azad edilməsi müqabilində məhbuslarımızı azad etmək məqsədi ilə yeni atəşkəsin bağlanmasına yönəlmiş bir sıra təklif və təşəbbüsləri rədd etdi. İsrail bunun əvəzində cinayət törətməyə davam etmək əzmində olduğunu nümayiş etdirdi. Biz İsraildə olan yaşlı məhbuslarımızın azadlığa buraxılması müqabilində əlimizdə olan yaşlı girovların azadlığa buraxılması üçün təkliflər verdik, lakin sionist işğalçı bu təklifi rədd etdi”, - Əl-Həyya bildirib.
O qeyd edib ki, İsrail HƏMAS tərəfindən əsir götürülən və Qəzza zolağının bombalanması zamanı həlak olan vətəndaşlarının cəsədlərini qəbul etməkdən imtina edib:
“İşğalçının yeni atəşkəslə bağlı bütün təkliflərdən imtina etməsi onun Qəzza zolağında cinayətləri yenidən törətməyə hazırlaşdığına açıq işarədir. Xalqımız və müqavimətimiz İsrailin təzələnmiş təcavüzünə gül və ya zeytun budaqları ilə cavab verməyəcək, biz bütün gücümüzlə və qətiyyətlə buna qarşı çıxacağıq”.
Xatırladaq ki, dekabrın 1-i səhər saatlarında İsrail Müdafiə Qüvvələri Fələstinin HƏMAS hərəkatını atəşkəsi pozmaqda ittiham edib və Qəzza zolağında döyüşləri bərpa etdiyini açıqlayıb.
Tətbiqimizi yükləyə bilərsiniz