“Autizm spektr pozuntusu olan şəxslərə dəstək” layihəsinin təqdimatı olub


Fevralın 21-də “Birgə və Sağlam” İctimai Birliyinin təşəbbüsü və BP və onun Azəri-Çıraq-Günəşli, Bakı-Tbilisi-Ceyhan, Şahdəniz və Cənubi Qafqaz Boru Kəməri layihələrindəki tərəfdaşlarının birgə dəstəyi ilə ərsəyə gələn Azərbaycanda autizm spektr pozuntusu olan şəxslərə dəstək məqsədi daşıyan yeni bir layihənin təqdimatı olub.

Tədbirdə əvvəlcə autizmə aid videoçarx nümayiş etdirilib.

Təqdimat mərasimində çıxış edən BP-nin əlaqələr və xarici işlər, strategiya və region üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli “Autizm spektr pozuntusu olan şəxslərə dəstək” layihəsi haqqında məlumat verib. B.Aslanbəyli layihənin ölkəmizdə autizmli gənclərin digər həmyaşıdları kimi təhsil ala bilmələrinə, peşəkar iş və ailə həyatına, ümumilikdə, cəmiyyətə inteqrasiya olunmalarına kömək məqsədi daşdığını deyib. O, layihənin insanların autizm sindromu ilə bağlı davranışları və düşüncə tərzini dəyişərək güclü təsir yaradacağına və nəticəsinin uğurlu olacağına ümid etdiyini bildirib: “İlk dəfə məhz bu layihə çərçivəsində autizmli şəxslər üçün milli məlumat bazasının yaradılması, o cümlədən həmin bazaya və beynəlxalq standartlara uyğun təlim modullarının hazırlanması və valideynlərin cəlb edilməsi ilə təlimlərin təşkili nəzərdə tutulub. Məqsədə çatmaq üçün layihəyə beynəlxalq ekspertlər də cəlb olunub. Hazırlanmış təlim modulları, tədris materialları və autizm haqqında ictimaiyyətin məlumatlandırılmasını nəzərdə tutan xəbərlər, məqalələr layihə çərçivəsində yaradılacaq “Autizm təhsili” portalında yerləşdiriləcək. Bu portal həm autizmli şəxslər, həm də onların yaxınlarına etibarlı məlumat əldə etmək üçün daha rahat vasitə olacaq. Yaradılacaq portal bu sahə ilə professional səviyyədə məşğul olmaq, öz təcrübələrini yeniləmək, beynəlxalq standartlara cavab verən sertifikatlar əldə etmək istəyən təlimçilər üçün də uzunmüddətli imkanlar açacaq. Yerləşdirilmiş modulları uğurla başa vurub imtahanlardan keçənlər sertifikatlı təlimçi olmaq imkanı əldə edəcəklər.

Ümumiyyətlə, layihənin həyata keçirilməsi zamanı autizmli şəxslərlə işləyə biləcək və bu sahədə artıq lazımi qabiliyyətləri olan, həm dövlət, həm də özəl müəssisələrdə çalışan 40 nəfər təcrübəli səhiyyə və təhsil mütəxəssisi layihədə nəzərdə tutulan “Təlimçilərin Tədris Proqramı”ına cəlb olunacaq. Bu onlara bilik və təcrübələrini daha da artırmaq imkanı yaradacaq.

Layihə 10 ay müddətində həyata keçiriləcək. Lakin bu müddət ərzində əldə ediləcək metod və təcrübələrin davamlı olması və sonrakı dövrlərdə də tətbiq edilə bilməsi layihənin nəticələrinin cəmiyyətə uzun müddət faydalı olacağından xəbər verir. Həmçinin yaradılacaq məlumat bazası və təlim modulları cəmiyyətin uzun illər bu mənbələrdən faydalana bilməsi üçün imkanlar yaradacaq”.

Bəxtiyar Aslanbəyli ötən 27 il ərzində BP və tərəfdaşlarının bir çox iri sosial investisiya layihələri həyata keçirdiyini, təkcə ötən il bu istiqamətdə 4 milyon dollardan çox vəsait xərcləndiyini də qeyd edib. O, gələcəkdə sosial investisiya təşəbbüslərinin davam etdiriləcəyini də diqqətə çatdırıb.

Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva ölkəmizdə sağlamlıq imkanları məhdud şəxslərin inklüziv təhsilə cəlb edilməsi istiqamətində görülən işlərdən danışıb. O, deyib: “Azərbaycanda sağlamlıq imkanları məhdud olan şəxslərin inklüziv təhsilinin təşkil olunması ilə bağlı Dövlət Proqramının həyata keçirilməsi üçün işçi qrup yaradılıb. Hazırda işçi qrup proqramın icrası ilə məşğuldur. Proqramın icrasında Təhsil Nazirliyi ilə yanaşı, UNICEF və Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi iştirak edir. Onlar da, öz növbəsində, proqramda nəzərdə tutulduğu kimi kadr hazırlığı, müəllimlərin bu sahədə peşəkarlığının artırılması məsələləri, məzmunun təkmilləşdirilməsi, regionlarda resurs mərkəzlərinin yaradılması kimi layihələrin icrası ilə məşğuldurlar”.

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli sağlamlıq imkanları məhdud şəxslərin cəmiyyətə inteqrasiyası və autizmli uşaqları olan ailələrə dəstək üçün müxtəlif qurumların birgə tədbirlər həyata keçirməsinin məqsədəuyğun olduğunu qeyd edib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva ölkəmizdə həssas ailələrə, xüsusi qayğıya ehtiyacı olan uşaqlara göstərilən diqqət və qayğıdan, bu istiqamətdə görülən işlərdən danışıb.

Təqdimat mərasimində çıxış edən “Birgə və Sağlam” İctimai Birliyinin qurucusu və sədri Aytən Eynalova autizm sindromu barədə məlumat verib və layihənin ərsəyə gəlməsində dəstək olan hər kəsə öz minnətdarlığını bildirib.

Tədbirdə, həmçinin incəsənət və idman ictimaiyyətinin nümayəndələri çıxış edərək layihənin əhəmiyyətindən danışıblar.

Sonda autizm sindromuna həsr olunmuş klip nümayiş etdirilib. (AZƏRTAC)

DİGƏR XƏBƏRLƏR

Top