"Azərsu"ASC-dən 75 milyonluq sifariş alan şirkət barədə İDDİA: İşçilərin hüquqları pozulur


Azərbaycanda bir-sıra böyük layihələrə imza atan "Alke İnşaat  Sənaye və Ticarət" ASC-nin sabiq əməkdaşı olduğunu bildrən Şahin Cəfərov yeniavaz.com-a müraciət edərək hüquqlarının pozulduğunu bildirib. Şahin Cəfərovun sözlərinə görə, o 11.09.2015-ci il tarixindən 21.02.2017-ci il tarixinə kimi Türkiyənin "Alke İnşaat Sanayi ve Ticaret Anonim" şirkətinin Azərbaycandakı filialında texniki nəzarətçi vəzifəsində işləyib. Şahin Cəfərov qeyd edir ki, əmək kitabçasının mövcud olunmasına baxmayaraq bugünə kimi ona əmək və sosial sığorta müqaviləsi təqdim edilməyib, həmçinin əmək haqqı ödənişləri qeyri-rəsmi şəkildə ödənilib.
Şahin Cəfərov iddia edir ki, Türkiyənin "Alke İnşaat Sanayi ve Ticaret Anonim" şirkətilə "Alke İnşaat  Sənaye və Ticarət" ASC-nin eyni şirkətlərdir.  
Şikayətçi bildirir ki, məsələ ilə bağlı Baş Prokurorluğa müraciət edib: "Baş Prokurorluqdan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məsələnin araşdırılması barədə məktub göndərilib. Lakin, nazirliyin Əmək Müfəttişliyi Xidməti həmin şirkətə yazılı sorğu göndərməklə işini bitmiş hesab edib. Bunu səbəb kimi də sahibkarlıq subyektlərində yoxlamaların dayandırılması barədə Prezidentin müvafiq sərəncamını göstəriblər. Müfəttişliyin yazılı sorğusuna isə şirkətdən cavab olaraq bildirilib ki, Şahin Cəfərov "Alke İnşaat  Sənaye və Ticarət" ASC-də xidməti müqavilə ilə çalışıb".
Şikayətçi daha sonra qeyd edir ki, "Alke İnşaat  Sənaye və Ticarət" ASC mənimlə əmək müqaviləsi deyil xidməti müqavilə bağladığını bildirirsə, o zaman Türkiyənin "Alke İnşaat Sanayi ve Ticaret Anonim" şirkətinin Azərbaycandakı filialı tərəfindən mənə verilən əmək kitabçası onlarda necə saxlanılıb: "Mən əmək kitabçamın mənə verilməsi üçün "Alke İnşaat  Sənaye və Ticarət" ASC-yə müraciət etmişəm və onlar da əmək kitabçasını poçt vasitəsilə mənə göndəriblər və bu barədə rəsmi məktub da yazıblar".
Məsələ ilə bağlı özünü "Akelik Group" ASC-nin nümayəndəsi kimi təqdim edən Ramiz Nuriyev adlı şəxs bizimlə söhbətdə bildirdi ki, təmsil etdiyi şirkət əvvəllər "Alke İnşaat  Sənaye və Ticarət" ASC adı ilə fəaliyyət göstərib: "Bizim şirkətinin Türkiyənin "Alke İnşaat Sanayi ve Ticaret Anonim" şirkətinin Azərbaycandakı filialı ilə heç hüquqi bağlılığı yoxdur. İki şirkət arasında yalnız əməkdaşlıq əlaqələri var. Şahin Cəfərov həm Türkiyə şirkəti, həm də bizim şirkətlə əməkdaşlıq edib.  Şahin Cəfərov bizim layihələrdə 1 ilə yaxın xidməti müqavilə əsasında fəaliyyət göstərib. Xidməti müqavilənin surəti də onun özünə də təqdim etmişik. Türkiyə şirkətində isə əmək müqaviləsilə işləyib".
"Akelik Group" ASC-nin nümayəndəsi bildirib ki, Şahin Cəfərova məxsus əmək kitabçanı Türkiyənin "Alke İnşaat Sanayi ve Ticaret Anonim" şirkətinin Azərbaycandakı filialının xahişi ilə göndəriblər: "Türkiyə şirkəti bir müddət bizim ofisimizdə fəaliyyət göstərib. Onlara məxsus bəzi sənədlər də ofisdə olub. Şahin Cəfərova məxsus əmək kitabçası da bizim ofisdə olub. Bu şəxs eyni zamanda bizim şirkətdə də xidməti müqavilə ilə işləyib. Ona görə də əmək kitabçasının bizim tərəfimizdən ona göndərilməsində bir qəbahət görmürük. Əgər Şahin Cəfərovun bizimlə bağlı hər hansı bir iradı varsa məhkəməyə müraciət edə bilər".
Onu da bildirək ki, Türkiyənin "Alke İnşaat Sanayi ve Ticaret Anonim" şirkətinin Azərbaycandakı filialının əlaqə vasitələri barədə heç bir məlumat olmadığı üçün səslənən iddialara münasibət öyrənmək cəhdimiz baş tutmadı.
Məlumat üçün qeyd edək ki, Vergilər Nazirliyinin "Kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında" bazasında "Akelik Group" ASC-nin 20.05.2011-ci ildə dövlət qeydiyyatına alındığı və nizamnamə kapitalının 33 milyon 14 min 681 manat olduğu göstərilir. Qanunu təmsilçisi Anar Babayev olan ASC-nin Nərimanov rayonu Əhməd Rəscəbli küçəsi 2, ev 26 ünvanında yerləşdiyi bildirilir.  
Türkiyənin "Alke İnşaat Sanayi ve Ticaret Anonim" şirkətinin Azərbaycandakı filialının isə 28.03.2018-ci il tarixində dövlət qeydiyyatına alındığı və qanuni təmsilçisinin Mehmet Oguz Erkan olduğu göstərilir. Şirkətin hüquqi ünvanı kimi isə Nərimanov rayonu Teymur Əliyev küçəsi, ev 1104 qeyd olunur.
Onu da bildirək ki, "Akelik Group" ASC -nin veb-səhifəsində "akelik.az"da şirkətin dünyanın bir çox ölkəsində iri layihələr həyata keçirdiyi qeyd olunur. Şirkətin Azərbaycanda da böyük layihələr icra etdiyi barədə məlumatlar mövcuddur. "Alke İnşaat  Sənaye və Ticarət" ASC -nin 05.09.2017-ci il tarixində "Azərsu" ASC ilə ümumi dəyəri 74 milyon 970 min 742,65 manat dəyərində tender müqaviləsi bağladığı bidirilir. Müqaviləyə görə, "Alke İnşaat  Sənaye və Ticarət" ASC "Azərsu" ASC-yə məxsus yeni inzibati binanın tikintisini tamamlayacaq.

 

DİGƏR XƏBƏRLƏR

Top