Millət vəkilləri prezidentin şəhid ailələri ilə görüşü barədə


Ölkə prezidenti İlham Əliyevin birinci vitse-prezident Mehriban Əliyevanın iştirakı ilə şəhid ailələri ilə görüş keçirməsi, onlarla səmimi söhbəti, “ev almayan şəhid ailəsi qalmayacaq” açıqlaması, müavinətlərlə bağlı əlavə tədbirlər görməsi, birdəfəlik müavinətin illər öncə onu almış şəhid ailələrinə də verilməsi yönündə qərar məni son günlər ən çox sevindirən xəbər oldu. Elə hesab edirəm ki, bu, təkcə məni deyil, bütün azərbaycanlıları, bütün xalqımızı ürəkdən sevindirdi, qürurlandırdı.

Bunu millət vəkili Qənirə Paşayeva deyib.

O qeyd edib, bu, bir daha ölkə prezidentinin, Azərbaycan dövlətinin şəhid ailələrinə, müharibə əlillərinə, şəhidlərə dərin ehtiramının, diqqət və qayğısının növbəti əyani təzahürüdür.

 “Təşəkkürlər, cənab prezident!


Şəhidlərimizin ruhuna dərin ehtiram, onların ailələrinə, hər zamankı kimi, göstərdiyiniz xüsusi qayğıya, şəhid ailələri ilə görüşdəki addımlarınızla bütün məmurlara, millət vəkillərinə, hər bir vətəndaşımıza şəhid ailələrimizə münasibət necə olmalıdır deyə, çox gözəl örnək oldunuz bir daha. Hər kəs bu görüşə, onun bütün detallarına mütləq baxmalıdır”, - deyə Q.Paşayeva əlavə edib.

Millət vəkili Sahib Alıyev də həmkarı kimi, ölkə prezidentinin və birinci vitse-prezidentin şəhid ailələri ilə görüşünü və bu görüşün nəticəsi olaraq, verilən sərəncamı çox müsbət və  tarixi hadisə olaraq dəyərləndirib. O bildirib ki, bununla dövlət rəhbəri bir daha şəhid adının necə uca tutulduğunu hər kəsə nümayiş etdirib.

“Bir dövlətdə ki, şəhid doğmalarına ən yüksək səviyyədə bu cür doğmalıq sərgilənir, o dövlətin torpaqlarının işğal altında qalması mümkünsüzdür”, - deyə millət vəkili qeyd edib.

“Prezident İlham Əliyev şəhid anasının ayağa qalxmasına izin vermədi, özü onun yanına getdi və bir daha şəhidlərimizin və onların ailələrinin bizim üçün nə qədər dəyərli olduğunu nümayiş etdirdi. Milli birliyimizi, torpaqlarımızın azad olunmasını, vətənimizin bölünməzliyini təmin edəcək mənəviyyat budur!”

Bunu isə millət vəkili Hikmət Babaoğlu deyib.

Millət vəkilinin sözlərinə görə, Azərbaycan dövləti, xüsusilə ölkə prezidenti daim öz şəhidinə, şəhid ailələrinə, müharibə əlillərinə sahib çıxıb və son görüş bir daha bunun növbəti əyani təsdiqidir.


“Belə münasibət olan yerdə ərazi bütövlüyümüzün bərpa olunacağı gün uzaqda deyil!”, - deyə millət vəkili vurğulayıb. (oxu.az)

DİGƏR XƏBƏRLƏR

Top