Bakıda lotereyaya görə evə söz-söhbət düşüb - Qadın sığınacağa yerləşdirilib


"Təmiz Dünya" İctimai Birliyinin sədri Mehriban Zeynalovanın Yeniavaz.com saytına müsahibəsi.

 
- Mehriban xanım, təşkilatınızın nəzdində fəaliyyət göstərən Qadın və Uşaq Sığınacağı ilə bağlı xəbərlər ictimaiyyət tərəfindən diqqətlə izlənilir. Bir çoxlarına maraqlıdır - hazırda vəziyyət necədir, hər müraciət edən sığınacağa qəbul edilirmi?
- Sözün düzü, sığınacağa zəng vuranlar çox olur. Amma biz sırf zorakılığa məruz qalmış qadınları və bir də lap körpə uşağı olanları götürürük.
 
- Sığınacağa gəlmək istəyənlər arasında sui-istifadəyə yol verənlər varmı?
- Bəli, sui-istifadə üçün gəlmək istəyənlər də var - fikirləşir ki, kirayə, işıq, qaz pulu ödəməyim, gəlib oturum burda. Onlara deyirik ki, biz sizin uşaqlarınıza baxaq, gedin işləyin, amma sığınacaqda qalmayacaqsınız. Belə təklif edirik. 
İnsanları alışdırmaq və sui-istifadəyə yol verməmək üçün biz bunları edirik. Dindiririk, qadının həyatına təhlükə varsa, getməyə qoymuruq, saxlayırıq.
İşləmək istəmirsə, gəlib sadəcə burada vaxtını keçirmək istəyirsə, deyirik get işə gir, biz uşaqlarına baxacağıq, sənə dəstəyimiz bu olacaq. Çünki bəziləri gəlib oturur aylarla burda, çıxarmaq vaxtı çatanda da başlayırlar narazılığa.
Ona görə bəri başdan deyirik ki, biz sizin uşağınıza baxırıq, təhsili ilə məşğul oluruq, qidasına, geyiminə, sağlamlığına dəstək veririk, amma sən işləməlisən, işləməsən dəstək verməyəcəyik.
 
- Müraciət edən xanımların həyatına təhlükə ən çox həyat yoldaşları tərəfindən olur?
- Bəzilərinin həyatına yoldaşları, bəzilərinə atası tərəfindən təhlükə olur. Odur ki, biz qiymətləndirmə aparıb sonra qəbul edirik.
 
- Bəs sığınacaqda qalıb sonra gedənlər çoxdurmu? Gedənlər hara gedir, niyə gedir?
- Bugünlərdə 2 nəfər sığınacağımızdan çıxdı. Biri 400 manat maaş alırdı, 3 ay həmin pulu topladı və kirayəyə çıxdı. Eləsi var ailəyə inteqrasiya edir, atası var, qardaşı var. O zaman başlayırıq onlarla işləməyə - bu insan küçədə qalmasın deyə. Eləsi də var sosial adaptasiyası çətindir, peşəsi, iş qabiliyyəti yoxdur, onu harasa göndərsək, nə isə problem ola bilər. O halda biz qohumları ilə danışırıq, təhlükə yoxdursa, göndəririk qohumlarıgilə.
 
- Sığınacağa gəlmək qərarı yəqin ki, bir ailəli xanım üçün verilə biləcək ən son qərardır...
- Bura gələnləri təkrar ər evinə göndərib-göndərməmək məsələsinə də baxırıq. Məsələn, bu yaxınlarda bir ər-arvad var idi, sadə bir məsələyə görə aralarında problem yaranmışdı. Belə ki, qadın tanıdığı xanımlarla lotoreya oynayırmış. Sonra bu xanım lotoreyadan çıxıb, pul itkisi olub. Onu başqa bir qadının əri şantaj etməyə başlayıb.
Mesajlar həm ərin, həm də onun telefonuna gəlirmiş, yəni gizlin bir şeyləri yoxdur. Ər görüb ki, başqa adamdan mesajlar gəlir, başlayıb yoldaşına əsəbləşməyə, onu döyməyə. Belə xırda, əsası olmayan bir şey üstündə aralarında narazılıq yaranmışdı. Dedik gedin o adamdan polisə şikayət edin, çünki qarşısını almasanız, şantajı davam etdirəcək. Ər və arvadı isə barışdırdıq, getdilər, yəni ailədə təhlükə filan yox idi.
 
- Təcrübə göstərir ki, uzun müddət problem yaşanan ailələrdə tərəfləri barışdırmaq bəzi hallarda effekt vermir, yaxud daha acı nəticələri olur...
- Barışdırmaq çox təhlükəli tendensiyadır. Məsələn, hazırda sığınacaqda bir nəfər 5 uşaqlı qadın var. Onun əri dünən gecə saat 12-dən 5-dək sığınacağın qapısında durub. Bu adam həm ruhi xəstəxanada qeydiyyatdadır, həm də uşaqlar çox qorxur - cinayət tərkibi və s. Ona görə biz qadını buraxmırıq. Əri barışma məsələsində bizi ittiham edir ki, niyə şərait yaratmırsınız? Həmin ər sabah bir hadisə törədəndə bizə deyərlər ki, onları niyə barışdırdınız?
 
- Belə hallarda nə edirsiniz?
- Gərək o qədər dəqiq, əmin olasan ki, qadının həyatına təhlükə varmı, yoxmu, sonrakı proseslərdə nələrsə ola bilərmi? Bunların qarşısını almaq üçün tədbirlərini görürsən. Həmin qadına görə biz gecə 2 dəfə polis çağırmışıq. Həmin kişini gecə bir dəfə polis şöbəsinə apardılar, dindirib buraxdılar, yenə gəldi və başladı ki, mənim uşaqlarımı verin, bizi barışdırın.
Yenidən polis çağırdıq.
 
- Sığınacaqdan ailəsinə qayıdacağını gözlədiyiniz başqaları da varmı?
- Bir xanım var, onun ərini gözləyirik. Onların da çox kiçik bir məsələyə görə, ailələrinə söz-söhbət düşüb. Belə ki, anası öləndən sonra qadın psixoloji gərginlik keçirib, özbaşına bir neçə dəfə evdən çıxıb gedib. Ər isə bezib, deyir boşanıram. Xanım çox abır-həyalı gəlindir, görünür travması var. Çalışırıq onunla psixoloq və hüquqşünasla işləyək, məsələləri yoluna qoyaq və ailəsinə qayıtsın.
 
- Bəs evinə qayıtmaq istəməyənlər necə?
- Bəzən kişi barışmaq istəyir, qadın yox. Amma bunun da səbəbi var. Məsələn, hazırda sığınacaqda olan bir xanım bura 3 dəfə gəlib, sonra evinə qayıdıb. İndi 4-cü dəfə gəlib. Vəziyyət o həddə çatıb ki, gəlin deyir ki, "qorxuram mən özüm cinayət törədəm, əsəblərim o həddə çatıb". Oğlanın cinayət törətməsi ehtimalı yoxdur, deyir "mən onsuz yaşaya bilmirəm, ayrı qala bilmərəm". Sonra da aparıb başlayır döyməyə, incitməyə.
Biz qadının ərinə deyirik ki, ona bir az zaman ver, qoy özünə gəlsin.
Yeri gəlmişkən, bu insanların bir problemi var - biz hər dəfə deyirik ki, əgər istəyirsinizsə, ailəniz bərpa olunsun, itirmək istəmirsinizsə, o adama zaman verin. Deyirlər yox, qadın burda qalmasın.
Əslində burda qalmağı düşünmə qadının dövrü üçün çox yaxşı bir haldır. Mən təklif edərdim ki, yeni açılacaq sığınacaqlarda düşünmə dövrü üçün yer olsun. Ailədə mümkün deyil o cür düşünmək, hər tərəfdən basqılar olur.
O gün bura bir qayınana danışağa gəlmişdi. Gəlin gərgin idi, bir söz dedi, qayınana elə onun yanında zəng vurdu oğluna dedi ki, gör bu nə deyir, bunun cavabına bax. Belə olmaz, o zaman qıcıqlanma prosesi gedir, sanki zorakılığa təhrik edir. Odur ki, bəzi hallarda qadının düşünmə dövrü üçün tamamilə təcrid olub, özünün düşünüb mütəxəssislərin yanında qərar verməsi yaxşıdır.
 
- Sığınacağa üz tutanlar arasında kirayə qalanlar çoxdur, yoxsa yerli Bakı əhalisi?
- Rayonlardan olanlar da var. Srağagün bizə bir xanım müraciət etdi, 3 dəfə ərdə olub. Çətin vəziyyətdə imiş, aparıb bir kişiyə urcah ediblər. Əgər bu adama yaxşılıq etmək istəyirlərsə, dəstək olsunlar də, guya hansısa kişi ilə tanış edib, nikahsız ərə verəndə nə dəyişəcək? Acizliyindən, peşəsinin olmamağından, sağlamlıq vəziyyətinin yaxşı olmaması səbəbindən başına bu işlər gəlib.
O məqamda ona kişi dəstəyi lazım deyildi, ona lazım idi ki, kimsə uşağına, özünə dəstək olsun, sağlamlığına, iş yeri tapmağa köməklik göstərilsin. Sonra da urcah edilən həmin adam bu qadını qucağında 10 aylıq körpə metroda atıb, gedib.
 
- Bugünlərdə Şəmkirdə yatdığı yerdə əri tərəfindən başına zərbə endirilən qadının fotosunu ictimailəşdirdiniz. Həqiqətən, dəhşətli idi. Hazırda həmin qadının vəziyyəti necədir?
- Həmin fotonu bizə Şəmkirdən göndərdilər və dedilər ki, bu adamın qabağını ala bilmirik. Polis isə 10-15 sutka cəza verir, sonra buraxır. Biz paylaşandan sonra həmin adamı axtarışa veriblər. Döyülən qadının qayınanası ilə də polis söhbət edib, gəlini o da qorxudurmuş.
Bakıda insanlar aktivdirlər, belə problem olanda müraciət edirlər, amma rayon yerlərində stereotiplər var deyə, açıb-ağartmaqdan çəkinirlər. Rayon yerlərində qadınlara qayınata, qayınana, qayın təsiri də var deyə, qorxurlar.
 
- Sığınacağın fəaliyyəti ilə bağlı yenilik gözlənilirmi?
- Yeni bir dəstək formasına başlamışıq - qadınlar işləsin, uşaqlarına dəstək verək, iqtisadi vəziyyətlərini düzəldib, vəziyyətdən çıxa bilsinlər. Çox vaxt qadınların iqtisadi vəziyyəti pis olduğuna görə, qərar qəbul edə bilmirlər - zorakılığa dözsünlər, ya yox. Onların uşaqlarının da təhsili, qidası, geyimi ilə məşğuluq, məktəbə aparırıq, gətiririk. Əgər ana evdə oturacaqsa, biz niyə onun uşaqlarına baxaq? Qadınlara kömək məqsədilə belə dəstək forması da seçirik.
Elə xanımlar var ki, ərləri yoxdur, uşaqları azyaşlıdır, işə gedə bilmirlər, çox əziyyət çəkirlər. Onlara da bu formada dəstək oluruq. Belə hallar üçün o proqramı təklif edirik.
Bu həm profilaktik, həm də qadınların asılılıqdan çıxması üçün dəstəkdir. Bəzilərinin uşağı var, ailəsi yoxdur, işləyə bilmir, həm özünə, həm uşağına iqtisadi baxımdan zərər vurur. Bunun qarşısını müəyyən qədər almaq üçün bu fəaliyyəti ortaya çıxarmışıq və 10 uşağa artıq bu formada dəstək veririk.

DİGƏR XƏBƏRLƏR

Top