Texniki baxışın DYP-dən alınması təklifini verən ekspertlərdən biri danışdı: "Bir çox üstünlükləri var"


Avtomobillərin texniki baxışının DYP-dən alınaraq xüsusi mülkiyyətdə olan hüquqi şəxslərə və fərdi sahibkarlara həvalə ediləcəyi ilə bağlı gözlənilən yeniliklə əlaqədar müzakirələr davam edir.
Qeyd edək ki, bu "Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı"nda öz əksini tapıb.
Sənədə əsasən, nəqliyyat vasitələrinin texniki baxışı xüsusi mülkiyyətdə olan hüquqi şəxslərə və fərdi sahibkarlara həvalə ediləcək.
Bir məqamı da xatırlatmaq yerinə düşər ki, 2012-ci ildə Azərbaycanda 20-ə yaxın QHT rəhbəri avtomobillərin texniki baxışdan keçirilməsinin DYP-dən alınıb özəl sektora verilməsi ilə bağlı Prezident İlham Əliyevə müraciət ünvanlamışdı.
Həmin müraciətə imza atanlardan biri də Sahibkarlığa və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondunun prezidenti Sabit Bağırov olub. Yeniavaz.com saytı mövzu ilə bağlı Sabit Bağırovun fikirlərini öyrənib.
"Bu işin hüquqi şəxslərə və sahibkarlara həvalə edilməsi nə kimi yeniliklərə səbəb olacaq?" sualımıza Sabit Bağırov belə cavab verib: "Bu, beynəlxalq təcrübəyə əsaslanan bir təklif idi. Məsələn, bir çox ölkələrdə bu işi özəl şirkətlər görürlər. Xüsusi sertifikatları, lisenziyaları olur və onlar bu işi görürlər. Həmin ölkələrdə bu işi bir yox, bir neçə şirkət görür. Amma hazırda bu işi Azərbaycanda təkcə DYP görür. Hesab edirəm ki, bir neçə özəl şirkət bu işə cəlb olunsa, rəqabət yaranır. Xidməti təklif edən şirkətlərin sayı artdıqca bu xidmətdən istifadə edən şəxslər bu proseduru daha qısa müddətə keçir, süründürməçiliyə məruz qalmırlar. Bax, bu üstünlüklər var. Amma bizdə bu necə tətbiq olunacaq, onu deyə bilmirəm. Bizdə nə isə görürsən ki, həmişə iş əyri gedir"...
Sabit Bağırov təklif gələcəyi təqdirdə bununla bağlı qanunvericiliyin hazırlanmasında iştirak etməyə hazır olduqlarını bildirib: "Bununla bağlı çoxlu sayda nümunələr var. Götürüb baxmaq və onların əsasında sənəd hazırlamaq lazımdır. Sifariş olsa, bizim təşkilat belə qaydalar, əsasnamələr hazırlaya bilər".
Ekspert texniki baxışdan keçən avtomobillərdə texniki problemlərin aşkarlanması ilə bağlı da fikirlərini bildirib: "Mənim özümün başına gəlib, 2011-ci ildə təzə maşın almışdım. Texniki baxışdan keçəndə dedilər "əşi, bunun işığı düz yanmır, başqa problemi var". Dedim bu təzə maşındır e, necə ola bilər? Belə problemlər çox idi deyə, o vaxt bir neçə QHT rəhbəri təkliflər hazırlayıb, texniki baxışın DYP-dən alınıb, özəl təşkilatlara verilməsi ilə bağlı ölkə rəhbərinə müraciət ünvanlamışdıq".

DİGƏR XƏBƏRLƏR

Top