Maşınların texniki baxışdan keçirilməsi DYP-dən alınır - Sürücüləri nə gözləyir? - Müsahibə


Azərbaycanda avtomobillərin texniki baxışı ilə bağlı yeniliklər olacağı haqqında KİV-də məlumat verilib. Bildirilir ki, avtomobillər texniki baxışdan DYP-də keçməyəcək. Yenilik "Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı"nda öz əksini tapıb. Sənədə əsasən, nəqliyyat vasitələrinin texniki baxışı xüsusi mülkiyyətdə olan hüquqi şəxslərə və fərdi sahibkarlara həvalə ediləcək. Bəs avtomobillərin texniki baxışının DYP-dən alınması nəyi dəyişəcək?
Yeniavaz.com saytının bu mövzu ilə bağlı suallarını nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı cavablandırıb.
 
- Hələ 2012-ci ildə Azərbaycanda 20-ə yaxın QHT rəhbəri avtomobillərin texniki baxışdan keçirilməsinin DYP-dən alınıb özəl sektora verilməsi ilə bağlı Prezident İlham Əliyevə müraciət ünvanlamışdı. Bu məsələ "Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı"nda öz əksini tapıb. Bəs bu işin hüquqi şəxslərə və sahibkarlara həvalə edilməsi nə kimi yeniliklərə səbəb olacaq?
- Ümumiyyətlə onu deyim ki, bu, dünya təcrübəsində olan bir məsələdir. Dünyanın bir çox ölkələrində texniki baxış özəl şirkətlərdə, özəl təşkilatlarda, servislərdə həyata keçirilir. Amma onlara nəzarət yol polisi və ya başqa hansısa aidiyyəti qurum tərəfindən həyata keçirilir. Müqavilə bağlayırlar, sertifikat verilir, sonra bu işi həyata keçirirlər. Bu işi görən özəl təşkilatlar təbii ki, nəzarətsiz qalmırlar. Nəzarətsiz qalsalar, yenə də orada özbaşınalıq, məsuliyyətsizlik baş verə bilər.
 
- Əvvəl DYP-də texniki baxışdan keçməyə gedən avtomobildə problem aşkarlananda sürücüyə deyirdilər ki, get düzəltdir, sonra gəl. Bəs indi necə olacaq?
- Hansısa özəl bir şirkətin texniki baxışı həyata keçirməsi üçün texniki imkanları, əməkdaşları olmalıdır. Avtomobilin havaya zəhərli qaz buraxmasından tutmuş, dərman qutusuna nəzarətə qədər bir çox məsələlərdən xəbərdar olan əməkdaşları olmalıdır.
Yaxşı cəhətlərindən biri odur ki, biz indi avtomobilimizi DYP-də texniki baxışdan keçirəndə hər hansı bir qüsur aşkarlansa, yol polisi deyir ki, get bunu aradan qaldır, gəl. Biz də işimizi gücümüzü atıb, hansısa bir servisə gedib onu aradan qaldırıb qayıtmalı idik. Amma bu yeniliyin yaxşı tərəfi odur ki, qüsur aşkarlananda elə həmin servisdə aradan qaldırıb texniki baxışdan keçmək olacaq.
Təbii ki, servislərin məsuliyyət tərəfi də var. Deyək ki, servislərin hər hansı bir səhlənkarlığı ucbatından qəza baş versə və yaxud texniki cəhətdən nasaz avtomobil aşkarlansa, yol polisinin hüququ çatır ki, həmin sürücü barəsində protokol tərtib etsin, həm də bu avtomobilə texniki baxış talonu verən servis barəsində də aidiyyəti qurumlar qarşısında məsələ qaldırsın. Xarici ölkələrdə bu məsələdə texniki baxış keçirən şirkətlərin məsuliyyəti çox ağır olur. Onları bu məsələlərə görə elə cərimələyirlər ki, o servis ya bu işdən birdəfəlik əl çəkir, ya da bir neçə dəfə təkrar olunsa, cinayət məsuliyyəti yaradır. Özünü doğrultmayan şirkətlərin lisenziyası əlindən alınır və tenderlər vasitəsi ilə başqasına verilir.
 
- Bəs əgər avtomobil özəl servisdə texniki baxışdan keçirsə, yol polislərinə bu barədə məlumat necə ötürülür?
- Biz texniki baxışla bağlı yeni qaydalardan məlumatlıyıq. Bilirik ki, artıq texniki baxışdan keçən maşınlara talon verilmir. Sadəcə olaraq yol polisinin mərkəzi məlumat bazasına məlumat yerləşdirilir ki, bu avtomobil filan tarixdə texniki baxışdan keçirildi. Bəs özəl sevislərə, şirkətlərə, yol polisinin sisteminə girməyə imkan verəcəklərmi? Bunun hər servisə etibar etmək olarmı? Axı orda sürücülər haqqında müxtəlif məlumatlar var. O bazanı, o sistemi hər yoldan keçənə etibar etmək olarmı ki, ora girsinlər, məlumat ötürsünlər, yerləşdirsinlər? Mən düşünürəm ki, burada yol polisi ilə birgə müştərək bir əməkdaşlıq olacaq. Özəl şirkətlərdə də o qədər problemlər, nöqsanlar olur ki...
 
- Servis o yerdir ki, orada yaxşı usta olar. Amma texniki baxışda təkcə bu nəzərə alınmır, tibb çantaları və s. məsələlər də var. 
- Yeri gəlmişkən deyim ki, dərman qutusunun tərkibi məsələsi bir az təkmilləşdirilməlidir. İndiki siyahıda hardasa, 30-a yaxın dərman və dərman preparatının adı var. Bunlar tibb çantasında olmalıdır. Bəlkə heç yol polislərinin özləri də bilmir ki, o siyahıda hansı dərmanlar olmalıdır. Belə başa düşürəm ki, onlar əllərində onun siyahısını gəzdirməlidirlər, ona uyğun tutuşdurmalıdırlar. Bu, bir az qeyri-müəyyən məsələdir, dəqiqləşdirilməsi aparılmalıdır. Elə dövlət proqramında da bu məsələ öz əksini tapıb.

 - Texniki baxışın formal keçirilməsi, narazılıqların olması barədə nə deyərdiniz?
- Texniki baxış məsələsinin bu vəziyyətə gəlib çatmasının əsas səbəblərindən biri də bizim yollarda gördüyümüz nasaz avtomobillərin üzərində texniki baxış talonlarının olması idi. Texniki baxış onsuz da formal bir prosesə çevrilmişdi. Qanunvericiliyə edilən son dəyişiklikdə də bu məsələ öz təsdiqini tapdı ki, bu, formal bir şeydir. Yəni belə deyək, "leş" maşını da aparıb texniki baxışdan keçirə bilərik. Bu, bir növ qeyri-rəsmi formal xarakter daşıyırdısa, artıq 1 ildir ki, texniki baxışı formal bir hala salıblar. Ona görə düşünürəm ki, bu məsələyə bir əncam çəkmək, qayda-qanun yaratmaq lazımdır.
 
- Yeri gəlmişkən, dövlət proqramında nəzərdə tutulan məsələlərdən biri də köhnə avtomobillərin istismardan çıxarılması ilə bağlıdır...
- Ümumi baxanda biz nasaz avtomobillərdən heç vaxt qaça bilməyəcəyik. Çünki gömrük rüsumları artır. Təsəvvür edin, ilin 3-4 ayı keçir, insanlar bir balaca özünü toparlayır, ölkəyə yeni maşınlar alıb gətirməyə çalışır, amma sonra bir dəyişiklik olur və ölkəyə avtomobil gətirmək daha da çətinləşir.
1986-cı ilin VAZ 2106-ı, QAZ 31-i, "Niva"sı ilə müqayisədə 2000-ci ildən üzü bəri istehsal olunmuş Yaponiya, Amerika, Almaniya, Koreya istehsalı olan maşınların ölkəyə gətirilməsi faydalıdır. VAZ 2106-da qəza baş versə, ordan sağ çıxmaq şansı sıfıra bərabər olur, amma alman maşınlarının təhlükəsizlik yastığı var, komfotru var. Yəni bu maşınlarla bizim avtomobil qarajımız yenilənirdi.
2015-ci ilə qədər bu proses sürətlə gedirdi, köhnə maşınlar dövriyyədən çıxarılırdı, yenilənmə olurdu. Sonra devalvasiya oldu, 2017-ci ilə qədər bu proses ləng getdi, 2018-ci ildə avtomobil bazarı bir balaca dirçəlirdi ki, bu il yenə gömrük rüsumlarını qaldırdılar və bizi məcbur edirlər ki, qalaq köhnə maşınların ümidinə.
Bir tərəfdən avtomobil bazarının yenilənməsini istəyirlər, bir tərəfdən də rüsümü artırırlar. 
 
- Azərbaycana idxal olunan minik avtomobillərinə tətbiq olunan aksiz dərəcələrinin artırılması yerli istehsala dəstək kimi şərh edilir...
- Rüsumu o ölkələr artırır ki, onun özünün avtomobil sənayesi var, inkişaf edib. Bizdə "Xəzər" avtomobil zavodudur və istehsal da yeni başlayıb, "NAZ-Lifan" isə özünü tam doğrulda bilmədi. Gah istehsal dayanır, gah açıqlama verirlər ki, satış getmir. Çünki reklam etmirlər. Bunlar oturublar zavodda, gözləyirlər ki, kimsə gəlib maşın alacaq. Maşını heç olmasa reklam edərlər də. Bunlar bu işi qurmur, reklam siyasəti yoxdur. Fikirləşirlər ki, xəbər AZTV-də efirə gedib də, mütləq hamı gəlib alacaq. Belə olmur axı.
"Mercedes" maşınlarının keyfiyyətini hamı bilir, az qala istehsala başlamasından 2 əsrə yaxın vaxt keçir, ancaq bu gün də reklamını dayandırmırlar. "NAZ-Lifan" bir neçə ildir istehsal olunur, reklam etmir ki, məni tanıyırlar də. Qardaş, sən də çıx öz məhsulunu bir təqdim elə, məlumat ver.
Hətta Sovet dövründə belə "Zaporejets"in reklamı gedirdi. Amma bizimkilər bir az başqa cür siyasət yeridirlər və bu da normal deyil. Əlbəttə, o sahə çökəcək.
 
- Bəzi ölkələrdə istismarda olan köhnə avtomobillər yığışdırılan zaman onun əvəzində sürücülərə sərfəli şərtlərlə yeniləri təklif olunur. Bizdə də buna ehtiyac yoxdurmu?
- Mən avtomobil bazarı yeniləndikcə texniki baxışın üzərində daha çox dayanmağın tərəfdarıyam. Yoxsa ölkəyə bir tərəfdən yeni avtomobillərin gətirilməsinin qarşısını alırıq, rüsumları qaldırırıq, insanları çətin vəziyyətə salırıq, maşın ala bilmirlər, dəyişə bilmirlər.
Həmin o dövlət proqramında köhnə maşınların utilizasiyası nəzərdə tutulur. Yaxşı, kasıbın bir VAZ 2107-i var, əlindən alıb, verəcəklər "metallom"a. Bunun əvəzində ona maşın veriləcəkmi? Həmin 07-nin qiyməti deyək ki, 1000 manatdır. "Xəzər" avtomobillərinin isə qiyməti ən yaxşı halda 15000 manatdır. Həmin 1000 manatın qarşılığında dövlət ona 15 minlik maşın verməyəcək axı.
Rusiyanın avtomobil sənayesi inkişaf edib, orada köhnə maşınları vətəndaşlardan müəyyən bir qiymətə aldılar, əvəzində uzunmüddətli, güzəştli kreditlərlə təzə maşınlar verdilər ki, avtomobil qarajı yenilənsin. Bu addımlar təhlükəsizliyi təmin etmək məqsədi ilə atıldı. Bizdə o qədər maşın yoxdur axı. Biz o addımı ata bilməyəcəyik. Bu kimi məsələlərin hamısının başında avtomobil sənayesinin inkişafı durur.
Biz bu barədə daha yaxşı sözləri, daha müsbət fikirləri təxminən 10-15 il sonra deyə biləcəyik ki, bəli, bizdə də təhlükəsizlik artıq təmin olunub, texniki baxışa gedən avtomobillərin 70 faizi yox, 30 faizi nasaz çıxır.
Kənd yollarında darmadağın olan maşınlar var. Bu yazıq sürücü neyləsin? 15 il sonra kənd yollarımız da inşallah, düzələr, köhnə avtomobillər yavaş-yavaş istismardan çıxar.
Yol polisindən sorğu verib öyrənsək, məlum olar ki, texniki baxışa gətirilən avtomobillərin 60-70 faizində problem var. Avtomobil parkı yenilənsəydi, təbii ki, bu rəqəm aşağı düşərdi, saz maşınlar daha çox olardı.
 
- Bir sözlə, dövlət proqramında nəzərdə tutulan məsələlər lazımınca yerinə yetirilsə, çox şeylər yaxşı mənada dəyişəcək... 
- Bu dövlət proqramı üçün ayrılan 5 manatın 4 manatını yesələr, mən heç bir effekt gözləmirəm. Yol çəkənindən tutmuş təhlükəsizliyi təmin edənə qədər hamısı bir-biri ilə əlaqəli şəkildə işləməlidir, bunu normal şəkildə icra etməlidir. Problemin həllini gətirib vətəndaşın başında çatlatmamalıdırlar ki, sənin maşının köhnədir, ver bura, onu istismardan çıxarıram. Bəs yaxşı, vətəndaşın çörəyi bu maşından çıxır, ailəsini burdan gələn gəlirlə dolandırır, təzə maşın almağa da imkanı yoxdur, nə etməlidir? 1000 manatlıq maşını alırsansa, heç olmasa, 5-6 minlik normal maşın ver ki, onun da pulunu hissə-hissə ödəyə bilsin. Aylıq ödəniş kimi 300-500 manat qoyma, 100-150 manatlıq simvolik bir rəqəm müəyyənləşdir, ödəyə bilsin.
Məsələlər kompleks, zəncirvari şəkildə bir-biri ilə bağlıdır, mən də düşünürəm ki, proqramda adı çəkilən qurumlar, təşkilatlar yığışıb birlikdə ortaq məxrəcə gələ bilərlər. İnsanların rifahı, özlərinin də əməyi ortada olsun deyə, addımlar atılmalıdır.

DİGƏR XƏBƏRLƏR

Top