Ermənistanda Rusiyanın 102 saylı hərbi bazasına qarşı etirazlar böyüyür

Ermənistanda 102-ci Rusiya hərbi bazasının hərbi qulluqçusunun Gümrünün mərkəzi meydanında kommunal xidmətin işçisi olan 57 yaşlı Cülyetta Qazaryanı döyüb öldürdüyü təsdiqlənib. Dekabrın əvvəllərində baş vermiş bu insidentin üstü əvvəlcə ört-basdır edilmişdi və Rusiya səfirliyi 102-ci bazann hərbçisinin süpürgəçini döyüb öldürməsi barədə KİV-lərdə yer alan xəbərlərə görə qəzəbli bəyanat vermişdi. Bildirilirdi ki, bu yoxlanılmamış, yalan məlumatın yayılması təxribatdır, Rusiya-Ermənistan münasibətlərini korlamağa hesablanıb.

Lakin dekabrın 11-də Ermənistan Baş Prokurorluğu məlumat yayıb ki, Gümrüdə süpürgəçi qadını döyüb öldürən Rusiya hərbçisi həbs olunub. Cinayət işinə videomüşahidə kameralarından götürülmüş görüntülər də əlavə edilib və kadrlardan görünür ki, qadın sakitcə küçə ilə getdiyi yerdə ona gənc adam yaxınlaşır. Və heç bir səbəb olmadan qadının sifətinə yumruq zərbələri endirir və çıxıb gedir.

Qadın aldığı zərbələrdən yerə yıxılıb və daha sonra xəstəxanaya aparılarkən keçinib. Qızı deyib ki, anasını görəndə sifəti tanınmaz halda idi. Gözü az qala yerindən çıxmışdı və başı yerə dəyib partlamışdı.

Bu, 102-ci bazanın əsgəri Valeri Permyakın Gümrüdə erməni ailəsini qətlə yetirməsindən sonra baş vermiş və Ermənistanda Rusiya hərbi bazasına qarşı hiddətə səbəb olan  ikinci belə hadisədir. Xəbərlərə görə süpürgəçi qadını öldürən Rusiya hərbçisinin barəsində həbs qətimkan tədbiri seçilsə də o, hazırda 102-ci bazanın ərazisində saxlanılır və Ermənistan hüquq-mühafizə orqanlarına təhvil verilməyib. Bu haqda “İnformasiyalı vətəndaşlar ittifaqı” adlı vətəndaş platforması məlumat yayıb.

Təşkilat bildirir ki, 102-ci hərbi bazaya dair razılaşmaya əsasən hərbi bazanın tərkibinə daxil olan şəxslərin Ermənistan ərazisində törətdiyi cinayətlərə Ermənistan qanunvericiliyi əsasında bu ölkənin müvafiq orqanları tərəfindən baxılmalıdır.

Lakin Rusiya tərəfi əsgər Permyakovun məsələsində olduğu kimi süpürgəçi qadını erməni tərəfinə təhvil vermək istəmir. Belə görünür ki, Rusiya konstitusiyasının 61-ci maddəsinə əsaslanır. Həmin maddəyə əsasən Rusiya vətəndaşlarının başqa ölkəyə təhvil verilməsi mümkün deyil. Təşkilat isə bildirir ki, 1995-ci ildə və sonradan imzalanmış razılaşmalara  əsasən 102-ci baza Ermənistan ərazisində dislokasiya olunsa da orada hərbi bazanın Rusiya ərazisi olduğu haqda heç bir qeyd yoxdur. Yəni süpürgəçini öldürən şəxs Rusiyanın deyil, Ermənistanın ərazisindədir və deməli həmin maddə ona şamil oluna bilməz. Amma Rusiya tərəfi günahsız qadını öldürmüş həmin şəxsi faktiki məsuliyyətdən yayındırır və erməni tərəfinə təhvil vermir.

Hələlik baş nazir Nikol Paşinyan bu hadisəyə münasibət bildirməyib. Amma sosial şəbəkələrdə onun tərəfdarları və Qərbdən maliyyələşən QHT-lər tərəfindən süpürgəçi qadının rus hərbçisi tərəfindən öldürülməsinə görə qəzəbli reaksiyalar yer alır. 102-ci bazanın məsələsinə baxmağın vaxtının çatdığı bildirilir. (Virtualaz.org)

DİGƏR XƏBƏRLƏR

Top